Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə institutun direktoru İbrahim Cəfərov müasir tariximizin şanlı səhifələrindən olan Dirçəliş Gününün tarixindən söz açıb, bugünkü Zəfərimizin ilk qığılcımlarının məhz 1988-ci ildəki azadlıq hərəkatı ilə başlandığını qeyd edib. 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən direktor bildirib ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında mühüm rol oynamışdır. Xalq öz sözünü meydanlarda sevinclə dedi, dünyaya bəyan etdi. Bütün dünya Azərbaycan xalqının dirçəlişinin şahidi oldu və addımlarını kövrək atan xalq, illər sonra nəhayət Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun uzaqgörən siyasəti, cəsarəti nəticəsində müharibədən qələbə ilə çıxan xalq olaraq öz sözünü dedi. Daha sonra əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edən direktor dirçəliş hərəkatının öyrənilməsinin, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxış edənlər zaman-zaman azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından söz açıblar. Gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, vətənimizin rifahı yolunda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çağırıblar.