Tədbirdən Əvvəl Şəhidlər Xiyabanı ziyarət olunub, Şəhidlərin ruhuna dualar oxunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra “44 günlük Zəfər tariximiz” adlı videoçarx nümayiş etdirilib.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqı olaraq 8 Noyabr – Zəfər Günü ərəfəsindəyik. Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu tarixi Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Direktor vurğulayıb ki, 2023-cü il sentyabrında təxminən 24 saat davam edən antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin diz çökdürülməsi, separatizmə son qoyulması, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarilə şanlı Zəfəri tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Artıq ölkəmizi, dövətimizi inkişaf mərhələsi gözləyir. Uğurla başlanmış bu mərhələdə müstəqil Azərbaycan daha da güclənəcək və qüdrətlənəcək.
Daha sonra çıxış edənlər Mahal Kazımov, Heyran Qədimova, Jalə Hüseynzadə, Nurlana Məmmədova, Rumiyyə Məmmədrzayeva çıxışlarında Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və ordumuzun qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından qürurla bəhs ediblər.