“QLOBAL İQLİM DƏYİŞKƏNLİYİ ŞƏRAİTİNDƏ BİTKİLƏRİN ZƏRƏRVERƏN ORQANİZMLƏRİ VƏ ONLARIN İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda COP 29-a dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi”  mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə keçirilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, şəhərdə fəaliyyət göstərən universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, dövlətimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyini qeyd edərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq. Daha sonra konfransda bu məsələlərlə bağlı geniş müzakirələrin aparılacağını və alimlərin elmi məruzələrlə çıxışının önəmini qeyd edib.

Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda COP-29 kimi əhəmiyyətli tədbirin keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Şəhər rəhbəri onu da qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir.

Akademik İradə Hüseynova çıxışında elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağı vurğulayıb.

Tədbirdə çıxış edən natiqlər COP29 öncəsi elmi konfransların təşkilinin mühüm olduğunu diqqətə çatdırıblar. Mütəxəssislər iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində çoxtərəfli müzakirələrin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunub, aktual mövzular ətrafında aktiv müzakirələrin aparıldığı bu konfransın aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Respublika elmi-praktik  konfrans öz işini 24 sentyabr tarixi üçün nəzərdə tutulan 9 bölmə iclası ilə davam etdirib.

Paylaş: