“ÖLKƏNİN MÜXTƏLİF BÖLGƏLƏRİNİN PAYIZLIQ ƏKİN SAHƏLƏRİNDƏ SİÇANABƏNZƏR GƏMİRİCİLƏRİN YAYILMASI, ZƏRƏRİ VƏ ONLARIN QARŞISININ ALINMASI YOLLARI” ADLI ELMİ PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “ Ölkənin müxtəlif bölgələrinin payızlıq əkin sahələrində siçanabənzər gəmiricilərin yayılması, zərəri və onların qarşısının alınması yolları” adlı elmi-praktik seminar keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, AMEA-nın Gəncə bölməsinin elmi katibi Elnu Həsənov, alimlər, mütəxəssislər, fermerlər və ADAU-nun tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov qeyd edib ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Bu baxımdan Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nİn də üzərinə də böyük məsuliyyət düşür.

Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirildiyini bildirib. Ceyhun İbrahimov vurğulayıb ki, bugünədək ümumilikdə 465505 hektar sahədə müşahidələr aparılmış, 324314 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 4926 hektar sahədə mexaniki mübarizə və 292190 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

“Agro Dairy” MMC-nin baş aqronomu Nizami Kazımov əkin sahələrində monokultura əkinçilik sistemində aparılam kimyəvi mübarizə tədbirlərinin əhəmiyyətindən və nəticələrindən danışıb.

İnstitutun əməkdaşları Gülçin Dəmirova “Zərərli növlərin inkişaf dinamikası və zərərlilik həddi”, Vüsalə Əliyeva “Siçanabənzər gəmiricilərlə mübarizədə dron texnologiyalarından istifadənin perspektivləri”, Ruhiyyə Məlikzadə “Siçanabənzər gəmiricilərlə mübarizədə istifadə edilən pestisidlər və qanın antikoaqulyantları haqqında ümumi məlumat”, Nurlana Məmmədova “Aldadıcı yemlərin hazırlanması və səmərəli istifadəsi” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

 

Paylaş: