Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutunun təşkilatçılığı ilə Balakən rayonunda Qlobal İqlİm dəyişkənliyi şəraitində bəzi bitkilərin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi mövzusunda elmi praktik seminar keçirilib.
Seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Şəki-Zaqatala iqtisadi bölgəsinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərləri, mütəxəssislər və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərifov Şəki-Zaqatal bölgəsində iqlim dəyişkənliyinin kənd təsərrüfatında yaratdığı mənfi amillər, onların məhsuldarlığa təsirləri və fermerlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında bu kimi tədbirlərin, onlara göstərilən məsləhət-informasiya xidmətinin vacibliyini vurğulayıb.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov çıxışında vurğulayıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin ikişafında, eyni zamanda alaq otları ilə zibillənməsində iqlim amillərinin rolu böyükdür. Həm vegetasiya, həm də çoxillik əkinlərdə bitkilərin nisbi sükunət dövrü, havanın gündəlik orta temperaturu, yağıntıların miqdarı, havanın nisbi rütubəti çox önəmli rol oynayır. Son illər müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin yayılması qış aylarının qarsız, şaxtasız keçməsi ilə əlaqəlidir. Bu baxımdan alimlərlə fermerlərin birgə fəaliyyət göstərməsinin çox vacib olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməli və elmdə qazanılan nailiyyətləri fermerlərə tövsiyə etməli, fermerlər isə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu tövsiyələrdən yararlanmalıdırlar.
Seminar institutun əməkdaşları Sevinc Məhərrəmova “Şəki-Zaqatala iqtisadi bölgəsinin fındıq plantasiyalarında başlıca xəstəliklərin təhlili”, Afaq Həsənova “Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında yayılmış başlıca zərərvericilər və onlara qarşı mübarizə tədbirləri, Gülcamal Ələsgərova “Qarğıdalı bitkisinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, Samirə Avazova “Şərq xurmasının əsas xəstəlikləri və zərərvericiləri” və AQTA-nın Şəki-Zaqatala regional bölməsinin əməkdaşı Ayşə Məmmədova “Şəki-Zaqatala iqtisadi rayonunda yayılmış qəhvəyi mərmər bağacığına qarşı görülmüş kompleks mübarizə tədbirləri” mövzusunda təqdimatlarla davam edib.
Görüşdə fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması ilə bağlı fikir mübadiləsi aparılıb.