Əvvəlcə Xocalı soyqırımı qurbanları və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru a.e.d.prof., AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də qısasının alındığını bildirib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən İbrahim Cəfərov çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbirdə institutun əməkdaşları a.e.f.d., dos. Mahirə Vəliyeva, a.e.f.d Qabil Bayramov, Şahin Şabanov, Gülcamal Ələsgərova çıxış edərək Erməsnistan tərəfindən törədilən vəhşiliklərdən, əsir düşən Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən danışıblar.
Sonda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.