BMTBETİ-də Kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Fuad Əliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov Fuad Əliyevin alim kimi səmərəli fəaliyyətindən danışıb, onun 75 illik həyatının müdriklik və zənginliklə birləşdiyini vurğulayıb. Direktor Fuad Əliyevi taleyini özü formalaşdıran, həyatın verdiyi imkanlardan bacarıqla bəhrələnən, mübariz, qorxmaz insan, həyata nikbin baxan müdrik kimi xarakterizə edib. Azərbaycan kimya elmi qarşısında xidmətlərini, elmi kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətləri xüsusi qeyd edən direktor, kimya elminin inkişafında xüsusi xidmətləri olan Fuad Əliyevin əməyinin hər zaman dövlətimiz tərəfindən qiymətləndirildiyini qeyd edib.
Vurğulayıb ki, akademik 140 elmi əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifidir.
Tədbirdə biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev, Məntiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Elman Mövsümov, GDU-nun professoru Aynur Bayramova, AMEA-nın Gəncə bölməsinin sədr müavini Əlimuxtar Muxtarov və digər natiqlər Fuad Əliyevin ömür yolu, elmi fəaliyyəti haqqında çıxış edərək yubilyarı fədakar elm adamı kimi xarakterizə ediblər. Yubilyarın yüksək insani keyfiyyətlərindən danışıb, əsl alim və əsl insan ömrü yaşamış Fuad Əliyevin həyatın və fəaliyyətinin gənc nəsil üçün layiqli örnək olduğunu vurğulayıb, onunla bağlı xoş və unudulmaz xatirələrini söyləyiblər.
Sonda akademik ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun rəhbərliyinə, kollektivinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.