Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Buğdanın becərilməsinə dair Yaxşı Kənd Təsərrüfatı (GAP) yanaşmaları: nümayiş tarlalarından əldə olunan uğurlu nəticələr” və “Pomidorun becərilməsinə dair səmərəli İBM (İPM) paketləri” mövzularında təlim keçilib.
Kadr potensialının təkmilləşdirilməsi istiqamətində təşkil olunmuş təlim Aqrar Universitetinin dosenti, aqrar elmləri üzrə fəlsəfə doktoru Fariz Ələkbərovun təqdimatında keçirilib.
Təlimin birinci hissəsində inteqrir bitki mühafizəsi, inteqrir bitki mühafizəsini zəruri edən səbəblər, monitorinq formaları, zərərverən orqanizmlərə qarşı mübarizə tədbirləri haqqında ümumi məlumat verilib. İştirakçılara pomidor bitkisinin becərilməsinə dair metodlar izah edilib.
Təlimin ikinci hissəsində buğda istehsalının yaxşılaşdırıması proqramı çərçivəsində buğdanın nümayiş tarlalarından əldə olunan uğurlu nəticələr əsasında müasir və ekoloji cəhətdən dayanıqlı becərmə üsulları təqdim olunub. Bu yanaşmaların məhsuldarlığa və torpaq münbitliyinə təsiri vurğulanıb.
İnteraktiv şəkildə təşkil olunmuş təlimin sonunda hər iki mövzu ətrafında diskussiya və qarşılıqlı müzakirələr aparılaraq, təlim iştirakçılarının sualları cavablandırılıb.