EKOLOGİYA VƏ BİTKİ MÜHAFİZƏSİ ÜZRƏ “YAŞIL SƏSSİZLİYİN SƏSİ: BİTKİLƏRİN MÜHAFİZƏSİ” TƏLƏBƏ ELMİ – PRAKTİKİ SEMİNARI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə Azərbaycan Texnologiya Universitetinin  və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə EKOLOGİYA VƏ BİTKİ MÜHAFİZƏSİ üzrə “Yaşıl Səssizliyin Səsi: Bitkilərin Mühafizəsi” tələbə elmi – praktiki seminarı  keçirilib.

Seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Bitki mühafizəsi və ekologiya” mövzusunda geniş və elmi əsaslara söykənən təqdimatla çıxış edib. O, bitki mühafizəsinin ətraf mühitə təsiri, aqrar istehsalda dayanıqlılığın təmin olunması və ekoloji balansın qorunmasında müasir yanaşmalar barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı, dosent Mehman İsmayılov seminar iştirakçılarına uğurlar arzulayaraq bildirib ki, tələbələrin bu sahədə apardıqları tədqiqatlar yalnız akademik biliklərin inkişafı baxımından deyil, həm də real həyatda tətbiq oluna biləcək mühüm nəticələrin əldə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. O, universitetdə tələbələrin elmi fəaliyyətlərlə məşğul olması üçün yaradılmış imkanlar, elmi mühit və tərəfdaş müəssisələrlə qurulan əməkdaşlıq əlaqələri barədə də ətraflı məlumat verib.

Daha sonra BMTBETİ-nin böyük elmi işçisi Xurşid Aslanova “Ekoloji amillərin pambıq bitkisinin zərərvericilərinin inkişaf dinamikasına təsiri” mövzusunda maraqlı və informativ təqdimat edib. Təqdimatda zərərvericilərin biologiyası, iqlim faktorlarının onların populyasiya artımına təsiri və bu sahədə tətbiq olunan müasir nəzarət üsulları haqqında ətraflı məlumat verib.

Seminar çərçivəsində “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisaslarında təhsil alan istedadlı tələbələr də öz elmi araşdırmalarını təqdim ediblər.

Nuranə Zamanova “Pestisidlərin kənd təsərrüfatında rolu və insan sağlamlığına təsiri”, Qazıyeva Nigar  “Bitki mühafizəsi haqda beynəlxalq konvensiyalar”, Niyazi Əliyev  “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda məruzələrlə çıxış ediblər. Tələbələrin təqdimatları ekoloji cəhətdən təmiz istehsal üsulları, beynəlxalq hüquqi çərçivələr və qlobal ərzaq təhlükəsizliyi kontekstində innovativ yanaşmalarla zəngin olub, seminar iştirakçılarının böyük marağına səbəb olub.

Seminar interaktiv müzakirələrlə davam etdirilib, tələbələr və institut əməkdaşları arasında canlı fikir mübadiləsi aparılıb.

Seminarın sonunda professor İbrahim Cəfərov seminarda çıxış edən tələbələrə və müzakirələrdə fəal iştirak edən seminar iştirakçılarına sertifikat və müəllifi olduğu “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı elmi-metodik vəsaiti hədiyyə olunub.

Daha sonra tələbələr institutun laboratoriyaları ilə tanış olublar. Onlara bitki xəstəliklərinin diaqnostikası, zərərvericilərin identifikasiyası və yeni preparatların sınaqdan keçirilməsi istiqamətində aparılan tədqiqatlar barədə əyani məlumatlar verilib.

Paylaş: