Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Goranboy rayonunda “Bəzi bitkilərin xəstəlik və zərərvericiləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin alim və mütəxəssisləri ilə yanaşı Goranboy, Göygöl, Samux, Tərtər, Yevlax və Kəlbəcər rayolarından mütəxəssislər və fermerlər iştirak edərək, mövzu ilə bağlı nəzəri və praktik aspektlərdə müzakirə aparıblar.
Seminarı Goranboy DAİM-in direktoru Asif Kazımov açaraq, seminarın əhəmiyyətindən bəhs edib, fermerlərin üzləşdiyi problemlər və onların aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov bildirib ki, ərzaq təhlükəsizliyi əsasən kənd təsərrüfatının inkişafı hesabına təmin edilir. Keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsində əsas faktorlardan biri isə kənd təsərrüfatı məhsullarının xəstəlik və zərərvericiləri ilə mübarizə işinin düzgün qurulmasıdır. Xəstəlik və zərərericilərin yayılmasının qarşısını almaq üçün isə birgə və səmərəli fəaliyyəti təmin etmək lazımdır. Direktor qeyd edib ki, institutun istiqamətlərindən biridə fermerlərə, təsərrüfat sahiblərinə bitki mühafizəsi sahəsində məsləhətçi, hərtərəfli köməklik göstərməyə yönəlib.
Mütəxəssisilərin təqdimatında siçanabənzər gəmiricilər, dənli-taxıl bitkilərinin zərərvericiləri, pambıq, günəbaxan bitkisinin xəstəlik, zərərverciləri onlara qarşı mübarizə tədbirləri, bundan əlavə çiçəkli ali parazit olan kəhrənin yayılması, mübarizə tədbirləri və şərq xurmasının xəstəlikləri onlarla mübarizə tədbirləri haqqında təqdimatlarla məruzələr ediblər.
Seminarın yekununda iştirakçıların sualları elmi üsullarla cavablandırılıb, müxtəlif yöndə maarifləndirici tövsiyyələrlə başa çatıb.