“GÜNƏBAXAN BİTKİSİNİN BECƏRİLMƏSİ VƏ İQLİM DƏYİŞKƏNLİYİ ŞƏRAİTİNDƏ FORMALAŞAN FƏSADLAR” MÖVZUSUNDA TARLA SEMİNARI KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində (COP29) “Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təcrübə sahəsində “Günəbaxan bitkisinin becərilməsi və iqlim dəyişkənliyi şəraitində formalaşan fəsadlar” mövzusunda tarla seminarı keçirilib.

Tarla seminarında ətraf rayonların (Samux, Goranboy, Göygöl) Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin, Gəncə regional Aqrar Təlim Mərkəzinin bitkiçilik üzrə mütəxəssisləri, İnstitutun alimləri və günəbaxan əkinçiliyi ilə məşğul olan  fermerlər iştirak ediblər.

Açıq tarla şəraitində keçən tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov bildirib ki, son illərdə qlobal iqlim dəyişikliyi fonunda bir sıra iqlim amillərində, o cümlədən düşən yağıntıların miqdarında qeyri-mütənasiblik meydana gəlib. Bunun nəticəsində isə bəşəriyyət, o cümlədən kənd təsərrüfatında əhəmiyyətli bitkilər təhlükəli risk amili – quraqlıqla üz-üzə qalıb. Quraqlığın güclü müşahidə olunduğu illərdə məhsul itkisi xeyli yüksələ bilir. Odur ki, dünyada və ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” bu çağırışlardan irəli gəlir və ardıcıl olaraq tədbirlər həyata keçirilir. Eyni zamanda bu il COP29 kimi iqlim dəyişikliklərinə həsr olunmuş mötəbər tədbirin Azərbaycanda keçirilməsi bütün respublikada yaşıllığın genişlənməsinə və artırılmasına zəmin yaratmışdır.

BMTBETİ-nin şöbə müdiri, a.e.d., Ələddin Tağıyev  torpaq iqlim şəraitinə uyğun yerli günəbaxan sortlarının yaradılması istiqamətində aparılan işlər, ilkin toxumçuluq işinin təşkili barədə fikirləri bölüşüb. Bildirib ki, 2023 -cü ildən institutda günəbaxan sortunun yaradılması istiqamətində təcrübələrə başlanılmışdır. Hal-hazırda təcrübə sahəsində  13 türkiyə sortu,  13 yerli sort üzərində seleksiya işləri görülür. Eyni zamanda Fransa, Rusiya, Belorus və Ukrayna günəbaxan sortları becərilərək sortlar üzərində fərdi seçmə işləri aparılır.  Qeyd edilib ki, yaxın iki-üç il ərzində yerli torpaq, iqlim şəraitinə uyğun olan yeni günəbaxan sortunun yaradılmasına nail olunacaq. Bu isə fermerlərin daha keyfiyyətli toxumla təmin edilməsinə və yüksək məhsuldarlığa imkan yaradacaq.

Seminarda fermerlərə günəbaxan əkinlərində torpağın becərilməsi, aqrotexniki qulluq işlərinin aparılması, günəbaxan əkinlərində normal çıxış alınmasını təmin edən suvarmalar, səpinin aparılması, əkinlərin becərilməsi, günəbaxan sahəsinə aqrotexniki tədbirlər, məhsulun yığılması barədə ətraflı məlumat verilib. Məhsulun yüksək və keyfiyyətli olması üçün son dövrlərdə müşahidə edilən ekoloji amillərin yarada biləcəyi risklərin yumşaldılması və onların günəbaxan bitkisinə mənfi təsirinin azaldılması yolları diqqətə çatdırılıb. Həmçinin, bildirilib ki, üzvi və mineral gübrələrdən, eləcədə keyfiyyətli  toxum materialından istifadə etmədən günəbaxan bitkisindən yüksək məhsul götürmək çətindir.

Sonda əkin sahələrinin nümayişi həyata keçirilib, fermerlərin sualları cavablandırılıb.

Paylaş: