“KƏND TƏSƏRRÜFATI İSTEHSALINDA MÜASİR ÇAĞIRIŞLAR VƏ BİTKİLƏRİN MÜHAFIZƏSİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat institutunun təşkilatçılığı ilə Samux rayonunda “Kənd təsərrüfatı istehsalında müasir çağırışlar və bitkilərin mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin, Goranboy, Göygöl, Daşkəsən və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssisləri və fermerlər iştirak ediblər.

Samux DAİM-in direktoru Səttar Hacıyev açılış nitqi ilə çıxış edərək Samux rayonunda fermerlərin üzləşdiyi problemlər, problemlərin aradan qaldırılmasında fermerlərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov çıxışında bildirib ki, dünyada əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbatın yüksəlməsi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, təbii fəlakətlər bir sıra ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaradır. Bu səbəbdən ölkənin kənd təsərrüfatında yaranan problemlər prioritet istiqamətə çevrilib. Son vaxtlar ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır, bu isə kütləvi şəkildə məhsul itkisinə səbəb olur. Nəticədə bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir. Direktor qeyd edib ki, bütün bu problemlərin həlli istiqamətində fermerlərin yüksək və keyfiyyətli məhsul əldə etmələri  üçün alimlər fermerlərin yanında olmalı, onların problemlərini öyrənməlidir.

Sonra proqrama uyğun olaraq çıxışlar dinlənilib. BMTBETİ-nin əməkdaşı Gülcamal Ələsgərova  “Qarğıdalı bitkisinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”,  Aytəkin Hüseynova – Günəbaxan əkinlərində kəhrə, onun yayılması və mübarizəsi”, Qərib Məmmədov a.e.f.d., “Siçanabənzər gəmiricilərin inkişaf dinamikası, yayılması və onlara qarşı mübarizə tədbirləri”, Samirə Avazova – “Şərq xurmasının əsas xəstəlikləri, zərərvericiləri və onlara qarşı mübarizə dədbirləri”, Nurlana Məmmədova “Çəyirdəkli meyvə bağlarında yayılan başlıca xəstəliklər və onlara qarşı mübarizə tədbirləri”, Tünzalə Bağırova “Buğda və arpa bitkilərinin zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri” adlı mövzularda məruzlərlə çıxış ediblər.

Paylaş: