
Müasir kənd təsərrüfatında ekoloji davamlılığın təmin olunması və sağlam ərzaq istehsalının artırılması məqsədilə təşkil olunan tədbirdə orqanik əkinçiliyin aktual problemləri, perspektivləri və inkişaf istiqamətləri geniş müzakirə olunub.
Seminarda BMTBETİ-nin direktoru, professor İbrahim Cəfərov “Dünya əkinçilik sistemində orqanik əkinçiliyin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, qlobal səviyyədə orqanik əkinçiliyin sürətlə inkişaf etdiyini, əsas prinsipləri və faydalarını ətraflı şərh edərək, ölkəmizdə bu sahənin potensialı və inkişaf perspektivlərini yüksək qiymətləndirib. Professor ekoloji tarazlığın qorunması və sağlam ərzaq istehsalının təmin olunmasında orqanik əkinçiliyin əvəzsiz rolunu xüsusi vurğulayaraq, bu sahənin davamlı inkişafı üçün strateji istiqamətlərin müəyyən edilməsinin zəruriliyini qeyd edib.
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Qabil Bayramov “Orqanik əkinçilikdə bitki mühafizəsi” mövzusunda çıxış edib. O, orqanik əkinçilikdə kimyəvi vasitələrin istifadəsinin məhdudlaşdırılması səbəbindən bitki mühafizəsində inteqrasiya olunmuş, o cümlədən bioloji metodların tətbiqinin vacibliyini vurğulayıb. Qabil Bayramov zərərvericilərin və xəstəliklərin təbii üsullarla idarə olunması, eləcə də ətraf mühitə təsirin minimallaşdırılması yollarını təqdim edib və yerli şəraitə uyğun strategiyaların hazırlanmasının əhəmiyyətini xüsusi qeyd edib.
Seminar çərçivəsində Afaq Həsənova, Samirə Avazova və Sevil Mehdiyeva orqanik əkinçilikdə bitki zərərvericiləri, xəstəlikləri və digər zərərverən orqanizmlərlə mübarizə sahəsində təcrübə və elmi yanaşmaları təqdim ediblər. Onlar bitkilərin sağlamlığının qorunmasında ekoloji təmiz, bioloji və inteqrasiya olunmuş metodların tətbiqinin vacibliyini vurğulayıb, davamlı bitki mühafizəsinin əsas prinsipləri və yerli şəraitə uyğun effektiv idarəetmə üsullarını müzakirə ediblər.
Seminarın sonunda iştirakçılar institutun təcrübə sahəsində sınaq məqsədilə əkilmiş orqanik tərəvəz əkinlərinə baxış keçirərək, görülən işlər və əldə olunan nəticələr barədə fikir mübadiləsi aparıblar.
Tədbirin məqsədi ölkədə orqanik əkinçiliyin inkişafını stimullaşdırmaq, bu sahədə elmi-tədqiqat işlərini təşviq etmək və müasir çağırışlara uyğun tədbirlər planını formalaşdırmaqdır.





