
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (ETİ) Texniki Bitkilərin Seleksiyası şöbəsinin təcrübə sahəsində şöbənin əməkdaşları məhsuldar, yüksək lif çıxımı və keyfiyyətinə malik yeni pambıq sortlarının yaradılması istiqamətində hibridləşdirmə işləri aparırlar.
Tədqiqatlar çərçivəsində həyata keçirilən hibridləşdirmə prosesləri pambığın məhsuldarlığını artırmaqla yanaşı, lif keyfiyyətini də yaxşılaşdırmağı hədəfləyir. Yeni sortların yaradılması ölkənin pambıqçılıq sektorunda rəqabətqabiliyyətliliyi yüksəltmək və idxaldan asılılığı azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Əldə edilən nəticələrin praktik tətbiqi məqsədilə sahədə təcrübələr aparılır və yaxın gələcəkdə yeni sortların geniş yayımı üçün hazırlıq işləri həyata keçirilir.
Qeyd edək ki, Hibridləşmə — bitki seleksiyasında genetik müxtəlifliyi artırmaq və istənilən xüsusiyyətləri özündə birləşdirən yeni sortlar yaratmaq məqsədi daşıyan əsas metodlardan biridir. Bu proses zamanı yüksək məhsuldarlıq, xəstəliklərə və zərərvericilərə müqavimət, eləcə də lifin keyfiyyəti kimi xüsusiyyətlər nəzərə alınır.



