1 NOYABR “KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ” QEYD EDİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl institutun rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutun direktoru, professor İbrahim Cəfərov çıxışında ölkəmizdə aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin əhəmiyyətindən bəhs edib. O, kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli istehsal potensialının artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin icrası, aqrar sahədə müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqi, elmi tədqiqatların nəticələrinin istehsalata inteqrasiyası məsələlərinə toxunub. Professor kadr hazırlığının, gənc mütəxəssislərin elmi və peşəkar potensialının inkişaf etdirilməsinin, eləcə də elmlə istehsalat arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. İbrahim Cəfərov aqrar sahənin inkişafında əməyi olan bütün mütəxəssisləri və zəhmətkeşləri peşə bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
İnstitutun şöbə müdiri, aqrar elmlər doktoru Ələddin Tağıyev çıxışında institutda aparılan elmi-tədqiqat işlərindən və əldə olunan nailiyyətlərdən bəhs edib. O, müəllifi olduğu pambıq sortlarını institutun elmi fəaliyyətinin mühüm nəticələrindən biri kimi qeyd edərək bu uğurların alimlərin əməyi və uzunillik tədqiqatlarının bəhrəsi olduğunu vurğulayıb. Ələddin Tağıyev kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara yeni uğurlar arzulayıb.
İnstitutun elmi katibi Məryəm Bağırova və institutun əməkdaşı Nigar Qədimova çıxış edərək kənd təsərrüfatının inkişafında elmi fəaliyyətin, peşəkar əməyin və aqrar sahə mütəxəssislərinin rolundan bəhs ediblər. Çıxışlarda kənd təsərrüfatı işçilərinin zəhmətinin yüksək qiymətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin davamında 2026-cı il ərzində əmək fəaliyyətində fərqlənən, yüksək məsuliyyət və peşəkarlıq nümayiş etdirən əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

Paylaş: