BMTBETİ-DƏ 2025-İL ÜZRƏ DOKTORANTURAYA QƏBUL İMTAHANLARININ İXTİSAS İMTAHANI KEÇİRİLİB
08 Oktyabr 2024Daha ətraflı
Direktor: Cəbrayıl Ağayev
e-mail: cabrailagaev@gmail.com
Telefon: (+994) 50 366 97 77
1930-cu ildə Azərbaycan Respublikası Xalq Torpaq Komissarlığının nəzdində olan Fitopatologiya və Entomologiya laboratoriyalarının bazasında “Azərbaycan elmi tədqiqat bitki mühafizəsi stansiyası” (AzETBMS) yaradılmışdır. 1932-ci ildə Ümumittifaq Bitki Mühafizə İnstitunun (ÜBMİ) Azərbaycan filialı kimi fəalliyyətini davam etdirən Stansiya Azərbaycan Respublikasında Bitki Mühafizəsi sahəsində ilk yaranan elmi tədqiqat müəssisəsi olmuşdur.
AzETBMS 1991-ci il müstəqillik dövrünə qədər ÜBMİ-nin Azərbayacanda Stansiyası, 1991-1995-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndkimya” RİEB-in “Pestisidlərin Sınağı və Qeydiyyatı Stansiyası”, 1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin əmrinə əsasən Azərbaycan ET Bitki Mühafizə İnstitunun Abşeron Təcrübə Stansiyası kimi fəaliyyət göstərir.
Abşeron Təcrübə Stansiyası elmi fəaliyyətinin əvvəlki illərində (1929-1960) Entomologiya, Fitopatologiya, Zoologiya və Kimya-Toksikologiya olmaqla 4 sektordan ibarət struktura malik olmuşdur. O dövrdə respublikada bitki mühafizəsi üzrə yeganə elmi tədqiqat müəssisəsi olduğu üçün Azərbaycanın bütün bölgələrində başlıca kənd təsərrüfatı bitkiləri və meşə ağaclarının zərərverici və xəstəliklərinə qarşı mübarizə metodlarının işlənilib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işləri həyata keçirmişdir. Stansiyada kütləvi yayılan və zərər vuran zərərvericilərdən çəyirtkələr, siçanabənzər gəmiricilər haqda taxıl, tumlu və qərzəkli meyvələrin, pambıq, üzüm, müxtəlif tərəvəz bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə metodlarının işlənib hazırlanması və tətbiqi üzrə geniş elmi tədqiqat fəaliyyəti göstərmişdir.
Abşeron Təcrübə Stansiyasında Azərbaycan və xarici ölələrdə tanınmış alimlər V.U.Ulyanişev, İ.A.Şifman, H.R.İbrahimov, T.M.Axundov, Q.Medvedyeva, S.H.Abdullayev, S.P.Starostin, V.S.Treskova, S.M.Sadıxov, H. L. İvanovski, A.V.Vinoqradov və başqaları fəaliyyət göstərmiş, Azərbaycanda bitki mühafizəsi elminə əhəmiyyətli yeniliklər və töhvələr vermişlər. Elmi tədqiqat fəaliyyəti dövründə dövlət tərəfindən aqrar sahədə və bitki mühafizəsi sahəsində geniş spektrli iqtisadi əhəmiyyətli problemlərin həllində iştiraka cəlb olunmuş və yaranmasının 50 illiyi münasibəti ilə Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
Müstəqillik dövründə Abşeron Təcrübə Stansiyasında (ATS) 900-dan artıq bitki mühafizə vasitələri sınaqdan keçirilmiş və tətbiqi reqlamenti hazırlanaraq təsərrüfata tətbiqi edilmişdir.
Abşeron TS-nin direktoru a.e.d. C.T.Ağayevin rəhbərliyi altında Stansiyada aqrotexniki və bioloji mübarizə tədbirlərinin tətbiqi ilə ekoloji cəhətdən təmiz üzüm, meyvə, tərəvəz, bostan məhsullarının istehsal edilməsi üzrə elmi tədqiqat işləri aparılır.
Son illərdə ATS-də onlarla müxtəlif buklet, poster, təlim materilalları və kitablar çap edilmişdir.(Taxıl bitkilərinin zərərvericiləri və alaq otlarına qarşı mübarizə” kitabı, “Taxıl bitkilərinin zərərvericiləri və alaq otlarına qarşı mübarizə” kitabı, “Kənd Təsərrüfatı bitkilərinin xəstəlikləri” kitab, “Azərbaycan Respublikası ərazisində yayılmış və karantin tətbiq edilən bitki nematodları” kitabı, “Parazitar bitki nematodlarının öyrənilməsi” metodik göstəriş, “Parazit bitki kök nematodları (Meloidogyne) və onlara qarşı mübarizə tədbirləri” kitabı).
Abşeron TS-də bitki xəstəlik törədicilərin bioekoloji xüsusiyyətləri, inkişaf dinamikası, təbii düşmənləri və antaqonistləri öyrənilir. Bu tədqiqatların nəticələri əsasında müasir bioloji mübarizə vasitələri öyrənilir və mütərəqqi metodlarla tətbiq edilir. Bu istiqamətdə Stansiyasında Bioloji Mübarizə sektoru fəaliyyət göstərir.
Geniş yayılmış müxtəlif zərəverici və xəstəliklərə qarşı pestisidlərin sınaqdan keçirilməsi və tətbiqi üzrə əldə olunmuş nəticələr mətbuatda elmi məqalələr, kitab, broşura və plakatlar formasında kənd təsərrüfatı bitkilərinin istehsalı ilə məşğul olan istehsalçılara, şəxslərə çatdırılır.
ATS-də bitki mühafizəsi üzrə xidməti fəaliyyət göstərir. İl ərzində kənd təsərrüfatı istehsalçılarına, bağ sahiblərinə və şəhər yaşıllaşma təsərrüfatına xidmət göstərilir.