20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə institutun direktoru, professor İbrahim Cəfərov açaraq 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının və dövlətinin tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Direktor çıxışında qeyd edib ki, dövlət suverenliyi hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və milli dövlətçilik əsaslarının başlıca təminatıdır. Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərə nəzər salan direktor xalqımızın müstəqillik və suverenlik uğrunda mübarizəsindən, milli birlik və həmrəyliyin bu prosesdəki əhəmiyyətindən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının Azərbaycan dövlətçiliyinin tarixində mühüm hadisə olduğunu vurğulayıb.

Çıxışda 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasında mühüm mərhələ olduğu qeyd olunub. Bildirilib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası ilə ölkənin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyub.

Professor, həmçinin dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsinin milli həmrəylik və dövlətçilik dəyərlərinə bağlılıqla sıx əlaqəli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, suverenliyin əldə olunması qədər onun qorunması və daha da möhkəmləndirilməsi də mühüm vəzifədir.

Tədbirdə BMTBETİ-nin əməkdaşları Xəyalə Abbasova “Suverenlikdən Böyük Dirçəlişə: azad olunmuş torpaqlarda yeni inkişaf erası”, Gülcamal Ələsgərova “Suveren Azərbaycan və milli dəyərlər”, Rumiyyə Məmmədrzayeva “Dövlət suverenliyinin bərpasında qəhrəmanlıq nümunələri”, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, professor Şahlar Babayev isə “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf perspektivlər” mövzularında çıxış ediblər.

Tədbir çərçivəsində dövlət suverenliyinin milli dövlətçilik baxımından əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, milli-mənəvi dəyərlərin qorunması, suverenliyin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələri, eləcə də kənd təsərrüfatında innovativ və yaradıcı yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

Sonda 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyəti bir daha vurğulanıb.

Paylaş: