20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda anım tədbiri keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, o cümlədən 20 Yanvar faciəsi zamanı həlak olmuş günahsız insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq iradəsinin və milli oyanışının parlaq təzahürü olduğunu vurğulayıb. O qeyd edib ki, 1990-cı ilin 20 Yanvar gecəsi xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi olmuş, həmin faciə zamanı canlarından keçən şəhidlərimizin qəhrəmanlığı bütün millətimizin qəlbində əbədi iz buraxmışdır. Professor Cəfərov bildirib ki, bu faciə həm də xalqımızın mübarizə əzminin, milli birliyinin və müstəqillik yolunda dönməz iradəsinin dünya ictimaiyyətinə bir daha nümayişi olmuş, Azərbaycanın öz haqqını müdafiə etməkdə nə qədər qətiyyətli olduğunu göstərmişdir. O əlavə edib ki, 20 Yanvar hadisələri gələcək nəsillər üçün vətənpərvərlik, birlik və qətiyyət nümunəsi olaraq daim yaddaşlarda qalacaqdır.

Tədbirdə Məryəm Bağırova, Qabil Bayramov və Namiq Əliyarov çıxış edərək 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşdırılmasında bu cür anım tədbirlərinin mühüm rolundan danışıblar.

Sonda iştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla anılmasının milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Paylaş: