
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə 1918-ci ilin mart hadisələri zamanı amansızlıqla qətlə yetirilmiş günahsız soydaşlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov çıxış edərək bildirmişdir ki, 31 Mart Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş faciəli tarixlərdən biridir. O vurğulamışdır ki, 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Direktor qeyd etmişdir ki, bu hadisələr xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin tərkib hissəsi olmaqla yanaşı, tariximizin ən ağrılı səhifələrindən birini təşkil edir.
Çıxış zamanı həmçinin qeyd olunmuşdur ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə siyasi-hüquqi qiymət verilmiş, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan, hər il 31 Mart tarixinin anım günü kimi qeyd edilməsi gənc nəslin tariximiz barədə düzgün məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən digər əməkdaşlar da 31 Mart hadisələrinin tarixi mahiyyəti haqqında məlumat vermiş, xalqımıza qarşı törədilmiş bu cinayətlərin heç vaxt unudulmayacağını vurğulamışlar. Bildirilmişdir ki, bu cür tədbirlərin keçirilməsi milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda bir daha soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilmişdir.



