AMEA-NIN MÜXBİR ÜZVÜ, PROFESSOR İBRAHİM CƏFƏROVUN 70 İLLİK YUBİLEYİ KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan AMEA-nın müxbir üzvü, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərovun –  70 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində təşkil olunan yubiley mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, universitetlərin professor-müəllim heyəti, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov açaraq Nazirliyin rəhbərliyi adından yubilyarı təbrik edib,  onun həyat və fəaliyyət yolunun hər bir alim və mütəxəssis üçün əsl məktəb olduğunu söyləyib. Bildirib ki, Azərbaycan aqrar elminin görkəmli nümayəndələrindən biri olan professor İbrahim Cəfərov ömrünün yarım əsrdən çoxunu kənd təsərrüfatı sahəsinin inkişafına həsr etmiş dəyərli ziyalılarımızdandır.  O, ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və peşəkar kadr hazırlığının təşkilinə həsr edib.

Nazir müavini vurğulayıb ki, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov uzun illər Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik edib və rektor olduğu dövrdə universitet mühüm inkişaf mərhələsi keçib. Elçin Zeynalov hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən professor İbrahim Cəfərovun öz zəngin elmi və idarəçilik təcrübəsini aqrar sahənin inkişafına yönəltdiyini vurğulayıb. Qeyd edib ki, onun apardığı elmi tədqiqatlar kənd təsərrüfatının inkişafına, eləcə də ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.
O, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun müəllifi olduğu elmi əsərlərin, dərslik və dərs vəsaitlərinin, tədris materiallarının gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün etibarlı elmi mənbə olduğunu və mühüm istiqamətverici rol oynadığını vurğulayıb. Bildirib ki, alim peşəkar fəaliyyəti ilə yanaşı, dərin intellekti, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti sayəsində böyük hörmət və nüfuz qazanıb.

Çıxışın sonunda Elçin Zeynalov AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun aqrar elm və təhsilin inkişafında uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyəti yüksək dəyərləndirərək, Nazirliyin adından yubilyara Təşəkkürnamə təqdim edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinın adından salamlayıb, Akademiya rəhbərinin yubilyara təbrikini çatdırıb. O, professor İbrahim Cəfərovun çoxşaxəli və zəngin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkə elminin inkişafında əvəzsiz və nümunəvi rolunu xüsusi vurğulayıb. Akademik qeyd edib ki, professor Cəfərovun uzun illər rəhbərliyi altında həyata keçirilən elmi layihələr müasir çağırışlara cavab verən sanballı nəticələrin əldə olunmasına imkan yaradıb, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verib. Bu fəaliyyət, eyni zamanda, gənc alim və tədqiqatçıların elmi potensialının formalaşdırılmasında və onların peşəkar inkişafında xüsusi rol oynayıb. İradə Hüseynova vurğulayıb ki, professor İbrahim Cəfərov gənclərə daim diqqət və qayğı ilə yanaşaraq, onların elmi fəaliyyətə cəlb olunmasına, müstəqil düşüncə tərzinin formalaşmasına və peşəkar vərdişlər qazanmasına əlverişli şərait yaradıb. Çıxışda həmçinin qeyd edib ki, professorun müdrik rəhbərliyi, prinsipial mövqeyi və yüksək təşkilatçılıq qabiliyyəti onu elmi ictimaiyyətdə etibarlı və nüfuzlu lider kimi tanıdıb. Onun səmimi insanpərvərliyi, açıq ünsiyyəti və kollektivə hörmətlə yanaşması həmkarları və tələbələri arasında dərin ehtiram və rəğbət qazanmasına səbəb olub.

Akademik İradə Hüseynova bildirib ki, Azərbaycan elminə töhfə vermiş görkəmli alimlərin yubileylərinin qeyd olunması ölkədə intellektual dəyərlərə verilən önəmin bariz göstəricisidir və bu ənənə ulu öndər Heydər Əliyevin elmə və alimlərə göstərdiyi dərin ehtiram üzərində formalaşmışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasi kurs ardıcıl şəkildə davam etdirilir və elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu strateji yanaşmanın nəticəsi olaraq bu gün Azərbaycan aqrar elminin inkişafında mühüm xidmətləri olan, elmi prinsipiallığı və dövlətçilik mövqeyi ilə seçilən professor İbrahim Cəfərovun yubileyi geniş elmi ictimaiyyətin iştirakı ilə qeyd olunur”.

Sonda akademik İradə Hüseynova Azərbaycan elminin inkişafındakı xidmətlərinə, səmərəli elmi-təşkilati fəaliyyətinə və 70 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü İbrahim Cəfərovu AMEA-nın “Fəxri Fərmanı” ilə təltif edib.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək professor İbrahim Cəfərovun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Akademik Fuad Əliyev qeyd edib ki, professor Cəfərov uzun illər ərzində Azərbaycan elminin inkişafına mühüm töhfələr vermiş, gənc tədqiqatçıların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun elmi əsərləri və innovativ yanaşmaları sahədə böyük nüfuza malikdir.

Eyni zamanda, akademik Fuad Əliyev İbrahim Cəfərovun 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində vətəndaşlara göstərdiyi mənəvi və praktiki dəstəyi xüsusi vurğulayıb. O bildirib ki, professorun ictimai fəaliyyəti və vətənpərvər mövqeyi hər zaman nümunə olmuş, müharibə dövründə əhalinin yanında olması onun insanlıq keyfiyyətlərini və məsuliyyət hissini nümayiş etdirmişdir.

Tədbirdə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov, “Botanika İnstitutu” Publik Hüquqi Şəxsin direktoru v.i.e., professor Səyyarə İbadullayeva, Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə, ADAU-nun dosenti Anar Hətəmov və Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov çıxış edərək yubilyarın Azərbaycan elm və təhsilinin inkişafındakı xidmətlərindən, milli dəyərlərə sadiqliyindən, yüksək insani keyfiyyətlərindən danışıb, ona xoş arzularını bildiriblər. Çıxışlarda bu gün ömrünün şərəfli illərini yaşayan professor İbrahim Cəfərovun həyat yolunun, uzunmüddətli  axtarışlarının gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Sonda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarına göstərilən diqqət və yüksək qiymətlərə görə təşəkkürünü bildirib. O, elmi fəaliyyətinə və ölkənin aqrar sahəsinin inkişafına verdiyi dəyərli dəstəyi xüsusi vurğulayaraq, gələcəkdə də bu sahədə səmərəli çalışacağını və gənc nəsillərin yetişdirilməsinə hər zaman önəm verəcəyini qeyd edib. Professor həmçinin bütün həmkarlarına və yubiley tədbirinin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib.

Paylaş: