İNSTİTUT ƏMƏKDAŞLARI ANKARA UNİVERSİTETİNDƏ TƏLİMLƏRDƏ İŞTİRAK EDİBLƏR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu-nun Biotexnologiya laboratoriyasının əməkdaşları Vüqar Nəbiyev və Jalə Hüseynzadə peşəkar bilik və bacarıqlarını artırmaq məqsədilə Türkiyə Respublikasına ezam olunublar. Əməkdaşlar, institut arasında mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində, praktiki bilik və bacarıqlarını artırmaq məqsədilə Ankara Universitetinin Ziraat fakültəsinin Tarla bitkiləri bölümünün Biotexnologiya laboratoriyasında keçirilən təlimlərdə iştirak edirlər.

Təlimin əsas məqsədi molekulyar biologiya və biotexnologiya sahəsində müasir metodların mənimsənilməsi, laboratoriya təcrübəsinin zənginləşdirilməsi və elmi tədqiqatların keyfiyyətinin artırılmasıdır. Proqram çərçivəsində STAB protokolu əsasında DNT ekstraksiyası həyata keçirilmiş, əldə olunan DNT nümunələri üzərində PCR reaksiyası qurulmuşdur. Daha sonra PCR məhsullarının analizi məqsədilə agaroz gel elektroforezi icra edilmişdir.

Təlim müddətində əməkdaşlar molekulyar analizlərin mərhələli icrası, laborator avadanlıqlarından düzgün və təhlükəsiz istifadə, nəticələrin dəqiq qiymətləndirilməsi və interpretasiyası üzrə praktiki bacarıqlar əldə etmişlər. Bununla yanaşı, beynəlxalq laboratoriya standartları, tədqiqat planlaşdırılması və metodoloji yanaşmalar barədə də biliklərini artırmışlar.

Bu cür ixtisasartırma proqramları institutun elmi potensialının gücləndirilməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə və gələcəkdə birgə tədqiqat layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əldə olunan bilik və təcrübə institutun laboratoriya fəaliyyətində tətbiq ediləcəkdir.

Paylaş: