
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda elmi biliklərin artırılması, mütəxəssislər və fermerlər arasında təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə növbəti təlim təşkil olunub.
Təlimi institutun əməkdaşları və müvafiq sahə üzrə mütəxəssislər izləyiblər.
Tədbirin ilk hissəsində Mahal Kazımov “Azərbaycanda pambıq toxumçuluğunun müasir problemləri və bu problemlərin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər” mövzusunda təqdimatla çıxış edib. O, ölkədə pambıqçılıq sahəsinin inkişaf perspektivlərindən, toxumçuluq sisteminin təkmilləşdirilməsi zərurətindən, mövcud çətinliklərdən və onların aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən proqram və tədbirlərdən ətraflı bəhs edib. Təqdimat zamanı pambıq toxumlarının keyfiyyətinin artırılması, məhsuldarlığın yüksəldilməsi və seleksiya işlərinin gücləndirilməsi istiqamətində aparılan fəaliyyətlər haqqında da məlumat verilib.
Təlimin ikinci hissəsində Fidan Əhmədova “Badam bitkisinin xəstəlikləri: yaranma səbəbləri, əlamətləri və qarşısının alınması üsulları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda badam bitkisində rast gəlinən əsas xəstəliklər, onların yaranmasına səbəb olan amillər, bitkidə müşahidə olunan əlamətlər və mübarizə üsulları barədə geniş məlumat verilib. Eyni zamanda xəstəliklərin vaxtında aşkarlanmasının, düzgün aqrotexniki tədbirlərin görülməsinin və inteqrir bitki mühafizəsi üsullarının tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və sahə üzrə aktual məsələlər müzakirə olunub.



