TÜTÜNDƏ YALANÇI UNLU ŞEH (PERONOSPOROZ) » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Tütünçülük ölkə kənd təsərrüfatının mühüm sahələrindən biridir. Son illərdə ölkədə tütün əkin sahələrinin artması bu sahəyə marağın yüksəldiyini göstərir. Bununla yanaşı, məhsuldarlığa və məhsulun keyfiyyətinə təsir edən müxtəlif xəstəliklər də ciddi problemlərdən biri olaraq qalır.
Bu xəstəliklər məhsuldarlığın azalmasına, həmçinin istehsal olunan məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Belə təhlükəli xəstəliklərdən biri də tütündə yalançı unlu şeh və ya peronosporoz xəstəliyidir.
Peronosporoz geniş yayılma arealına malik olmaqla yüksək zərərvericiliyi ilə seçilir. Ədəbiyyat məlumatlarına görə, xəstəlik ilk dəfə 1800-cü illərdə Avstraliyada qeydə alınmış, hazırda isə tütün becərilən demək olar ki, bütün ölkələrdə yayılmışdır. Azərbaycanın rütubətli yaz şəraiti müşahidə olunan bölgələrində də xəstəlik məhsuldarlığa ciddi zərər vurur. Mənbələrdə qeyd olunur ki, məhsul itkisi 50%-ə, epifitotiya illərində isə 70%-ə qədər çata bilir.
Xəstəliyin törədicisi Peronospora hyoscyami f. sp. tabacina göbələyidir. Patogen əsasən yarpaq, gövdə və şitillərdə inkişaf edir. Yoluxmuş bitkilərdə boz-bənövşəyi örtük, xlorotik ləkələr, solma və çürümə əlamətləri müşahidə olunur. Şitillər xəstəliyə qarşı daha həssas olur və bəzi hallarda yoluxmadan 4–6 gün sonra məhv ola bilirlər.
Xəstəliyin güclü inkişafı zamanı yarpaqlarda turqor itir, onlar solur və çürüyür. Bu zaman şitillər çürüyərək kələm çürüntüsünə bənzər iy verir.
Tarla şəraitində yalançı unlu şeh yarpaqlarda xlorotik ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur. Belə ləkələrin forma və ölçüləri hava şəraiti və bitkinin sort xüsusiyyətlərindən asılıdır. Əksər hallarda ləkələr həlqəvi formada, 1,0–2,5 sm diametrdə olur və yarpaq damarları ilə məhdudlaşır. Rütubətli hava şəraitində ləkələrin alt hissəsində boz-bənövşəyi örtük inkişaf edir, quru havada isə yoluxmuş toxuma tezliklə saralaraq quruyur.
Xəstəliyin yarpaq formasından sonra bitkilərin diffuz yoluxması da müşahidə edilir. Damarlar yoluxduqda yarpaqlar əyilir, kənarları qıvrılır, damarlar arasında çökəkliklər əmələ gəlir və burada su toplanır. Yoluxmuş damarlar qonurlaşır, saplaq və gövdələrdə qəhvəyi, dərinləşmiş ləkələr formalaşır. Yoluxma çiçəkdaşıyan hissələri və toxum qutularını da əhatə edə bilir. Bu zaman toxumlar zəif və cılız olur.
Erkən diffuz yoluxma zamanı bitkilər inkişafdan qalır, qısa buğumlar əmələ gətirir. Müayinə zamanı əsas kökün şişdiyi, yan köklərin məhv olduğu və kök qabığının çatlayaraq qatlara ayrıldığı müşahidə olunur.
Xəstəlik vegetasiya dövründə konidilərlə yayılır və küləklə uzaq məsafələrə daşına bilir. Patogen yoluxmuş bitki qalıqlarında mitsel formasında qalaraq yazda yenidən inkişaf edir. Toxumlar da infeksiya mənbəyi ola bilər.
Ekologiyası: Xəstəliyin inkişafı üçün yüksək rütubət, şeh, sıx duman və 12–22°C temperatur əlverişli şərait hesab olunur. İnkubasiya müddəti meteoroloji şəraitdən asılı olaraq 4–13 gün arasında dəyişə bilir.

MÜBARİZƏ TƏDBİRLƏRİ
• Sağlam və dərmanlanmış toxumlardan istifadə edilməlidir;
• Şitillik və parniklər dezinfeksiya olunmalıdır;
• Aqrotexniki qulluq tədbirləri düzgün təşkil edilməlidir;
• Bioloji və kimyəvi preparatlar vaxtında tətbiq olunmalıdır;
• Xəstəliyə davamlı sortların becərilməsinə üstünlük verilməlidir.
Tətbiq olunan profilaktik və mübarizə tədbirləri tütün sahələrində məhsul itkisini azaltmaqla yanaşı, məhsulun keyfiyyətinin qorunmasında da mühüm rol oynayır.

Tətbiq olunan profilaktik və mübarizə tədbirləri tütün sahələrində məhsul itkisini azaltmaqla yanaşı, məhsulun keyfiyyətinin qorunmasında da mühüm rol oynayır.

Müəllif: Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov.

Paylaş: