
Pambıq mənənəsi –Aphis gossupii Glover
Dəstə: Yarımsərtqanadlılar (Hemiptera)
Fəsilə: Mənənələr (Aphididae)
Pambıq mənənəsi respublikanın pambıq əkilən rayonlarında geniş yayılmış zərərvericilərdən biridir. Azərbaycan şəraitində pambıq sahələrində əsasən üç növ mənənə – pambıq və ya bostan mənənəsi (Aphis gossypii), yonca və ya akasiya mənənəsi (Aphis craccivora Koch) və böyük pambıq mənənəsi (Acyrthosiphon gossypii Mordvilko) yayılmışdır. Bu növlər arasında pambığa ən çox zərər verən pambıq və yonca mənənələridir.
Pambıq mənənəsi yaz və payız aylarında daha təhlükəli hesab olunur. Yazda filqə yarpaq mərhələsində cücərtilərlə qidalanaraq bitkidə ciddi fizioloji dəyişikliklər yaradır ki, bu da bitkinin böyüməsinə, inkişafına və gələcək məhsuldarlığına mənfi təsir göstərir. Hüceyrə şirəsinin sorulması nəticəsində bitkidə qida maddələrinin çatışmazlığı yaranır, yarpaqlar deformasiyaya uğrayır və meyvə başlanğıcları tökülür.
Payızın əvvəllərində qozaların açılması dövründə mənənələrin yapışqanlı ifrazatı pambıq liflərinin üzərinə düşərək onları bir-birinə yapışdırır. Nəticədə liflərin üzərində ağımtıl yapışqan örtük əmələ gəlir ki, buna “ağ şirə” deyilir. Rütubətli hava şəraitində həmin ifrazat üzərində saprotrof göbələklər inkişaf edərək lifləri qara rəngə boyayır. Bu hal “qara şirə” adlanır. Şirələnmiş liflərin keyfiyyəti aşağı düşür və emalı çətinləşir.
Pambıq mənənəsinin qanadsız dişi fərdlərinin rəngi dəyişkən olub sarı, yaşılımtıl-sarı və tünd qonur rəngdə olur. Bığcıqları açıq sarı rəngdə, altı buğumlu, sonuncu buğumu isə qara rənglidir. Qarın hissəsində qara ləkə müşahidə olunur. Ölçüləri 1,25–2,1 mm arasında dəyişir. Dişi fərdlər 10–15 gün yaşayır. Qanadlı fərdlərin qanadları şəffaf olur, baş, döş və şirə boruları isə tutqun qara rəngdədir. Sürfələr ölçülərinin kiçik və daha açıq rəngli olması ilə yetkin fərdlərdən fərqlənirlər.
Mənənələr yetkin və bəzən sürfə mərhələsində qışlayır. Erkən yazda havanın temperaturu 12°C-dən yuxarı olduqda dəlibəng, sarmaşıq, kəndirotu, quşüzümü və digər alaq otları üzərində qidalanaraq çoxalırlar. Mart-aprel aylarında koloniyalarda qanadlı formalar əmələ gəlir. Qanadlı dişi fərdlər yayıcı rolunu oynayaraq yeni bitkilər üzərinə keçib sürfələr qoyurlar. Qanadlı fərdlər sutkada 2–7, həyat boyu isə 20–25 sürfə, qanadsız dişi fərdlər isə orta hesabla 35–40 sürfə verir. Aprel və may aylarında çoxalma partenogenez yolu ilə baş verir.
Pambıq mənənəsinin inkişafı üçün optimal temperatur 22–24°C, nisbi rütubət isə 55–60 % hesab olunur. Zərərverici pambıq bitkisi üzərində 100–120 günə qədər qidalana bilir. İyul-avqust aylarında temperaturun yüksəlməsi və nisbi rütubətin azalması nəticəsində populyasiya zəifləyir. Bu dövrdə yırtıcı və tüfeyli həşəratlar mənənələrin sayını kəskin azaldır. Sentyabr ayının ortalarından etibarən mənənələrin sayı yenidən artmağa başlayır və xüsusilə orta lifli pambıq sortlarında ilk soyuqlara qədər inkişaf davam edir.
Pambıq mənənəsi il ərzində 18–20 nəsil verir.
Mübarizə tədbirləri:
Pambığın mənənədən qorunmasında əsas amillərdən biri sahənin fitosanitar vəziyyətinin düzgün qiymətləndirilməsi və mübarizə tədbirlərinin vaxtında aparılmasıdır. Aqrotexniki mübarizə tədbiri kimi pambıqdan çıxmış sahələr quza payından və alaq otlarından təmizlənməli, dərin dondurma və erkən yaz şumu aparılmalı, qış aratı tətbiq edilməlidir. Eyni zamanda növbəli əkin sisteminə riayət olunmalıdır.
Bitkinin bir yarpağının 1 sm² hissəsində 4–6 yetkin fərd müşahidə edildikdə kimyəvi mübarizə tədbirlərinə başlanılması məqsədəuyğundur. Bu məqsədlə Danadim Expert 1–2 l/ha (Dimetoat 40%), Fufanon 0,5–1 l/ha (Malation 50%), Exirel 0,5–1,0 l/ha (Cyantraniliprol 100 q/l) və digər preparatlardan istifadə edilə bilər.
