
Fındıq tumurcuq gənəsi (Phytoptus avellanae Nalepa)
Gənələr — Acarina dəstəsinin, fır gənələri isə Eriophyoidea fəsiləsinin nümayəndələridir.
Tumurcuq gənəsi fındığın məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldan əsas zərərvericilərdən biridir. Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanın bəzi ölkələrində geniş yayılmışdır.
Bu gənə əsasən fındığın tumurcuqlarına zərər vurur. Zədələnmiş tumurcuqlar deformasiya olunur və nəticədə meyvə əmələ gəlmir. Bəzi ədəbiyyat məlumatlarına görə, zərərverici 70%-ə qədər məhsul itkisinə səbəb ola bilir.
Zərərvericinin fəaliyyəti nəticəsində yaşıl tumurcuqlar tədricən qonur rəng alır. Tumurcuqlar şişərək diametri 10–14 mm-ə qədər çatır. Yazda şiş əmələ gətirən gənələr köhnə tumurcuqlardan çıxaraq yeni açılan sağlam tumurcuqlara keçir. Burada onların qidalanma və çoxalma prosesi növbəti ilin yazına qədər davam edir. Beləliklə, zərərvericinin təsirinə məruz qalmış tumurcuqlar inkişaf etmir.
Tumurcuq gənəsi gözlə çətin görünəcək qədər kiçik ölçüyə malikdir. Yetkin fərdlərin bədəni ağ rəngli, uzunsov formalı olub, uzunluğu təxminən 0,3 mm-dir. Bu zərərvericinin şiş əmələ gətirən və şiş əmələ gətirməyən formaları vardır. Hər iki forma ölçü və rəng xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Şiş əmələ gətirən gənələr əsasən generativ tumurcuqlarla qidalanırlar.
Zərərvericinin digər forması isə tumurcuqlarda şiş əmələ gətirmir. Bu gənələr ağacın həm vegetativ, həm də generativ orqanları — yarpaqlar, erkək və dişi çiçəklər, meyvə salxımları və s. ilə qidalanırlar.
Mübarizə tədbirləri:
Tumurcuq gənəsinə qarşı mexaniki mübarizə tədbiri kimi qışın sonu və yazın əvvəlində ağac üzərində qalan zədələnmiş tumurcuqlar və köhnə meyvə qalıqları əl ilə qoparılmalıdır. Tumurcuqların içərisi digər zərərvericilər üçün də sığınacaq rolunu oynadığından, zədələnmiş tumurcuqlar bağdan çıxarılıb məhv edilməlidir.
Kimyəvi mübarizə tədbirlərinə bir budaqda 5 ədəd sirayətlənmiş erkək çiçək müşahidə edildikdə başlanılması tövsiyə olunur. Dərmanlama üçün ən uyğun dövr zoğlarda 4–5 yarpaq əmələ gəldiyi və meyvələrin mərcimək böyüklüyündə olduğu vaxt hesab edilir. Gənələrə qarşı kükürd tərkibli preparatlar yüksək effekt verir. Sistem təsirli preparatlardan Abagard (7,5 ml/100 l su), Karotaşans (0,4–0,8 l/ha) və Derivate (0,4 l/ha) preparatlarından istifadə məqsədəuyğundur.
