
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) alim və mütəxəssis heyəti tərəfindən qurumun təcrübə sahələrinə baxış keçirilmişdir. Müşahidələr çərçivəsində, daxili təsərrüfatlardakı üzüm və meyvə bağlarında zərərvericilərin inkişaf dinamikasını izləmək məqsədilə spesifik feromon tələlər asılır.
Yay mövsümünün başlaması və havaların isinməsi bitkilərə ciddi ziyan vuran zərərvericilərin kütləvi çoxalma dövrünü aktivləşdirib. Bu səbəbdən sahələrə asılan xüsusi tələlər vasitəsilə üzüm bağlarında Üzüm salxım yarpaqbükəni (Lobesia botrana), meyvə bağlarında isə Alma meyvəyeyəni (Cydia pomonella) və yüksək karantin əhəmiyyətli Qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) kimi təhlükəli zərərvericilərin uçuş aktivliyi nəzarətdə saxlanılır.
İnstitutun balansında olan çoxillik əkmələr və üzüm bağları alimlər tərəfindən ciddi nəzarətdə saxlanılır. Geniş xarakter daşıyan bu tədqiqatların əsas məqsədi xəstəlik və zərərvericilərin inkişaf fazalarını öyrənmək, populyasiya sıxlığını müəyyən etmək və iqtisadi ziyan həddini dəqiq hesablamaqdır. Həyata keçirilən bu monitorinqlər kimyəvi preparatların sahələrə vaxtsız və normadan artıq vurulmasının qarşısını almağa, həmçinin mübarizə tədbirlərinin effektivliyini artırmağa imkan verəcəkdir.



