AĞ CIRCIRAMACIQ VƏ ONA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Ağ cırcıramacıq (Metcalfa pruinosa) ölkəmizdə sürətlə yayılır!

Bağbanların, fermerlərin və dekorativ bitki həvəskarlarının diqqətinə! Şimali Amerika mənşəli, ölkəmiz üçün təhlükəli invaziv növ olan Ağ cırcıramacıq (Metcalfa pruinosa) meyvə bağlarımızı təhdid etməkdə davam edir. Zərərverici haqqında bilməli olduğumuz vacib məqamlar:

BİOLOGİYASI:

Yetkin fərdlər 6-8 mm uzunluğunda, qəhvəyi rəngdədir. Lakin bədənləri mumlu ağ təbəqə ilə örtüldüyü üçün mavi-qəhvəyi çalarda görünürlər. Sakit vəziyyətdə qanadları bədəni örtərək trapes forması alır. Böyük, diqqətçəkən qırmızımtıl-narıncı gözləri var.

Ayaqları tullandırıcı tipdədir. Budaqların üzərində xarakterik olaraq sıra ilə düzülürlər.

Dişilər oktyabr ayından başlayaraq yumurtalarını tumurcuqların qabığı altına qoyur və zərərverici bu mərhələdə qışlayır. May ayında yumurtalardan kiçik, qəhvəyi rəngli ilk sürfələr çıxır.

ZƏRƏRİ:
  • Sürfə və yetkin fərdlər iynə şəkilli ağız aparatı ilə bitkinin budaq və yarpaqlarını deşərək şirəsini sorur.
  • Zərərverici sorduğu şirənin yalnız zülal hissəsini həzm edir, qalan hissəsini isə şirin, yapışqan maye şəklində xaricə ifraz edir. Bu maye bitkinin üzərini örtərək qarışqa, arı və müxtəlif mikroorqanizmlərin (xüsusən də his göbələklərinin) bura toplanmasına səbəb olur.
  •  Bitki inkişafdan qalır, zəifləyir. Meyvələr çirkli, qara ləkəli və yararsız hala düşərək əmtəəlik görünüşünü tamamilə itirir. Fındıq, qoz, nar, şərq xurması və zoğal kimi 300-dən çox bitki növünə ciddi ziyan vurur.
 EKOLOGİYASI VƏ YAYILMASI:
  • Ağ cırcıramacığın kütləvi çoxalması üçün mülayim və bir qədər quru iqlim şəraiti idealdır. Azərbaycanın iqlimi bu növün ekoloji tələblərinə tam cavab verdiyi üçün zərərverici ölkədə çox sürətlə yayılır.
  • Ölkəmizdə ilk dəfə 2018-ci ildə Rusiya ilə sərhəddə – Nabran qəsəbəsində aşkarlansa da, ekoloji dözümlülüyü sayəsində artıq 2023-cü ildə Göygöldə (Firuzabad), 2025-ci ildə isə Gəncə-Daşkəsən və Tovuz-Qazax iqtisadi rayonlarının meyvə bağlarında kütləvi şəkildə qeydə alınıb.
  • Sürfələr qidalandıqca bədənlərini və budaqları ağ, tüklü maye ilə örtürlər. Bu mumlu təbəqə onları həm xarici təsirlərdən qoruyur, həm də toxunduqda sürətlə tullanaraq ətrafa yayılmalarına kömək edir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:

Zərərvericiyə qarşı mübarizə kompleks şəkildə aparılmalıdır:

  1. Karantin tədbirlər: Yoluxmuş bölgələrdən icazəsiz əkin materiallarının gətirilməsi məhdudlaşdırılmalıdır. Payızda və qışda sahə bitki qalıqlarından təmizlənməli, yumurta qoyulmuş qabıqlar məhv edilməlidir.
  2. Mexaniki üsul: Zərərvericinin ilkin mərhələdə tək-tək aşkarlandığı budaq və yarpaqlar dərhal kəsilərək sahədən uzaqlaşdırılmalı və yandırılmalıdır.
  3. Kimyəvi mübarizə: Yazda havanın temperaturu +4….+6 0C olduqda, qışlayan yumurtaları məhv etmək üçün ovisid tərkibli preparatların biri ilə (məsələn, Avanut 150 EC 0.35-0.40 l/ha) çiləmə aparılmalıdır.

Kütləvi yayılma dövründə daxilə nüfuz edən (sistem təsirli) insektisidlərdən istifadə olunur: Aktara (0.35-0.40 kq/ha), Confidor Extra (0.2-0.3 kq/ha) və ya Snayper 20SP. Əgər meyvələrin yetişməsinə az qalıbsa, daha tez parçalanan və təmizlənmiş Confidor preparatlarına üstünlük verilməlidir.

Məhsulunuzun keyfiyyətini və bağınızın sağlamlığını qorumaq üçün vaxtında müayinə aparmağı unutmayın!

Paylaş: