
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən Gəncə ətrafı bölgələrdə, o cümlədən Göygöl rayonunun Qızılca kəndi ərazisində yerləşən meyvə və giləmeyvə bağlarında fitopatoloji və entomoloji monitorinqlər aparılıb.
Monitorinqlər zamanı fındıq, qoz, xurma, alma, armud, nar və moruq əkinlərində fitosanitar vəziyyət qiymətləndirilib, xəstəlik və zərərvericilərin yayılma səviyyəsi öyrənilib. Sahələrdən götürülmüş nümunələr İnstitutun laboratoriyasına gətirilərək təhlil olunub, aparılan sahə və laboratoriya müayinələri nəticəsində fitosanitar obyektlərin növ tərkibi müəyyənləşdirilib.
Müayinələr zamanı fındıq bağlarında unlu-şeh xəstəliyinin törədicisi və ağ cırcırama zərərvericisi, qoz əkinlərində qoz fır gənəsi və qoz meyvəyəyəni, xurma bağlarında isə qara ləkəlilik xəstəliyinin törədicisi aşkar edilib. Alma və armud bağlarında müvafiq olaraq alma meyvəyəyəni və armud meyvəyəyəni zərərvericiləri qeydə alınıb. Moruq əkinlərində isə moruq böcəyi, giləmeyvə bağacığı və onların yumurtaları müşahidə olunub.
Monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan xəstəlik və zərərvericilərə qarşı vaxtında və effektiv mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə fermer və bağ sahiblərinə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərin vaxtında aşkar olunması, yayılmasının qarşısının alınması, məhsuldarlığın artırılması və bölgələrdə fitosanitar vəziyyətin nəzarətdə saxlanılması məqsədilə monitorinq işləri mütəmadi olaraq davam etdirilir.






