
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dövlət Aqrar Universiteti (PHŞ) nəzdində Gəncə Dövlət Aqrar Kollecinin “Aqronomluq” ixtisası üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. Təcrübə proqramı çərçivəsində tələbələr üçün geniş və əhatəli nəzəri-praktiki təlimlər və sahə təcrübələri təşkil olunur.
Tələbələr üçün ilk təlim institutun direktoru, professor İbrahim Cəfərov tərəfindən “Bitki xəstəliklərinin müqayisəli təhlili” mövzusunda keçirilib. Təlim zamanı bitki xəstəliklərinin yaranma səbəbləri, yayılma mexanizmləri, diaqnostika üsulları və onların bir-birindən fərqləndirilməsi yolları ətraflı izah edilib. Eyni zamanda, müasir laborator analiz metodları və praktik nümunələr əsasında xəstəliklərin müəyyənləşdirilməsi qaydaları diqqətə çatdırılıb. İnteraktiv formada təşkil olunan təlim tələbələrin mövzunu daha dərindən mənimsəməsinə şərait yaradıb.
Bununla yanaşı, tələbələr institutun təcrübə sahələrində praktiki fəaliyyətə cəlb olunublar. Onlar müxtəlif aqrotexniki işlərlə tanış olaraq, əkin prosesində bilavasitə iştirak ediblər. Xüsusilə pambıq və günəbaxan səpinlərində iştirak edən tələbələr səpin texnologiyası, toxumun hazırlanması və sahənin düzgün təşkili ilə bağlı praktiki biliklər əldə ediblər.
Qeyd edək ki, bu cür istehsalat təcrübələri tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı formalaşmasına mühüm töhfə verir.




