AQRAR SAHƏDƏ ELMİ-TƏDQİQAT İŞLƏRİNİN BİRGƏ TƏŞKİLİ MƏQSƏDİLƏ MEMORANDUM İMZALANIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun COP29-a həsr edilmiş “Dövrünqlobal problemləri: İqlim dəyişiklikləri” mövzusunda keçirilən Respublika elmi-praktik konfransında iştirak edən bir sıra elmi-tədqiqat institutlarının direktorları və əməkdaşları konfransdan sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda görüş keçirmişdir

Görüşdə kənd təsərrüfatının inkişafına dəstək vermək məqsədilə elmi-tədqiqat institutlarının gələcək əməkdaşlığının yeni mexanizmlər əsasında qurulması, elmi-tədqiqat mövzularının koordinasiyası, mövcud laboratoriyaların imkanlarından birgə istifadə, aqrar elmlər üzrə birgə nəşrlərin hazırlanması, yüksək indeksli jurnallarda müştərək məqalələrin nəşri, kadr hazırlığı, eləcə də birgə layihə, konfrans, seminar və müzakirələrin təşkili barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutu, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər elmi-tədqiqat və təhlil işlərinin aparılması, layihələrin həyata keçirilməsi, konfranslar, seminarlar və maarifləndirici tədbirlərin təşkili, habelə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı razılığa gəliblər.

Tədbir iştirakçıları çıxış edərək müəyyən olunmuş istiqamətlərdə fəaliyyətlərini daha da genişləndirəcəklərini və aqrar sahəyə öz töhfələrini verəcəklərini diqqətə çatdırıblar.

Paylaş: