BİTKİ MÜHAFİZƏSİ SAHƏSİNİN TANINMIŞ ALİMİ ELÇİN XƏLİLOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bu gün Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda dəyərli alim, institutun direktor müavini Elçin Xəlilovun 65 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssisləri ilə yanaşı, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun kollektivi də iştirak etmişdir.

Tədbir Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır.

Yubiley tədbirində Elçin Xəlilovun uzun illər ərzində aqrar elmin inkişafına, xüsusilə bitki mühafizəsi sahəsində apardığı elmi tədqiqatlara verdiyi mühüm töhfələr xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, o, zəngin elmi fəaliyyəti, səmərəli təşkilatçılıq bacarığı və yüksək peşəkarlığı ilə aqrar elmin inkişafında mühüm xidmətlər göstərmişdir.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Elçin Xəlilovun aqrar elmin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, onun bitki mühafizəsi sahəsində apardığı səmərəli elmi fəaliyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Elçin Xəlilov həm peşəkar alim, həm də bacarıqlı təşkilatçı kimi elmi kollektivin formalaşmasına və gənc kadrların hazırlanmasına mühüm töhfələr vermişdir.

Professor İbrahim Cəfərov çıxışında həmçinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əldə etdiyi uğurlarda onun əməyinin xüsusi rolunu qeyd etmiş, yubilyara möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulamışdır.

Tədbirdə institutun əməkdaşları — aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahirə Vəliyeva, aqrar elmlər üzrə fəlsəfə doktoru Qabil Bayramov, elmi katib Məryəm Bağırova, Nurlana Məmmədova, Mahal Kazımov, Gülcamal Ələsgərova, eləcə də Aqromexanika Elmi-Tədqiqat İnstitutunun professoru Şahlar Babayev çıxış edərək yubilyarı təbrik etmiş, onun elmi fəaliyyətini yüksək qiymətləndirmiş və aqrar sahənin inkişafına verdiyi töhfələri xüsusi vurğulamışlar.

Çıxışlarda Elçin Xəlilovun elmi nəticələrinin praktik əhəmiyyəti, kənd təsərrüfatında tətbiqi və müasir yanaşmaların inkişafındakı rolu qeyd olunmuş, həmçinin onun rəhbərliyi dövründə institutun əldə etdiyi nailiyyətlər diqqətə çatdırılmışdır.

Sonda yubiley sahibi Elçin Xəlilov çıxış edərək ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirmiş, elmi fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyini qeyd etmişdir.

Tədbir yüksək təşkilatçılıq səviyyəsində və səmimi ab-havada başa çatmışdır.

Paylaş: