BMTBETİ-DƏ 18 OKTYABR – MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB. » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitut direktorunun müavini Elçin Xəlilov çıxış edərək 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. O, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının xalqımızın azadlıq iradəsini və müstəqil dövlət qurmaq əzmini ifadə etdiyini bildirib. Qeyd edib ki, 2021-ci ildən etibarən bu əlamətdar tarix Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Direktor müavini müstəqilliyin qorunmasının, dövlətçilik ənənələrinin davam etdirilməsinin və ölkənin inkişafına töhfə verilməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.

Qabil Bayramov “Müstəqilliyimiz milli qürurumuz və dövlətçiliyimizin əsasıdır” mövzusunda çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, xalqımızın azadlıq uğrunda mübarizəsindən və dövlət müstəqilliyinin qorunmasının vacibliyindən bəhs edib. O, müstəqilliyin xalqımızın ən böyük milli dəyərlərindən biri olduğunu və bu dəyərin gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib.

Daha sonra Elmi katib Məryəm Bağırova “Müstəqilliyin bərpası və milli dövlətçilik ənənələrimiz”, Heyran Qədimova “Müstəqil Azərbaycanın inkişafında elmin rolu”, İnstitutun gənc əməkdaşları Sevinc Məhərrəmova “Müstəqillik və gəncliyin məsuliyyəti”, Tünzalə Bağırova “Milli birlik və həmrəylik müstəqilliyimizin dayağıdır”, Afaq Həsənova isə “Müstəqillikdən gələcəyə: Azərbaycanın inkişaf yolu” mövzularında çıxış ediblər. Çıxışlarda dövlət müstəqilliyinin tarixi əhəmiyyəti, milli dəyərlərin qorunması, suverenliyin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və ölkənin gələcək inkişafında vətəndaş məsuliyyətinin rolu diqqətə çatdırılıb.

Tədbir iştirakçıları müstəqilliyin Azərbaycan xalqının tarixi nailiyyəti olduğunu vurğulayaraq milli dövlətçilik ənənələrinin yaşadılmasının və ölkəmizin gələcəyinə məsuliyyətlə yanaşılmasının əhəmiyyətini qeyd ediblər.

 

 

Paylaş: