BMTBETİ- DƏ 8 NOYABR – ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. O, tarixi Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunduğunu vurğulayıb.

Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər xalqımızın milli iradəsinin, vətənə bağlılığının və dövlətçilik əzminin təntənəsidir. Direktor, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətinə toxunaraq üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin və suverenliyimizin rəmzi olduğunu qeyd edib. Vurğulayıb ki, azad edilmiş torpaqlarımızda bayrağımızın dalğalanması tarixi Zəfərimizin ən qürurverici təzahürlərindəndir.

Tədbir çərçivəsində Səbuhi Eldarov “Zəfərə aparan yol: Müstəqil Azərbaycanın güclü ordu quruculuğu strategiyası” mövzusunda çıxış edərək ölkəmizdə ordu quruculuğunun inkişaf mərhələləri, müdafiə qüdrətinin gücləndirilməsi və tarixi Qələbəyə aparan yol haqqında fikirlərini bölüşüb.

Nurlana Məmmədova “Şuşa Zəfəri”,  – Tarixin döyüş meydanında yazılan qələbəsi” mövzusunda məruzə ilə çıxış edərək Şuşanın azad edilməsinin Vətən müharibəsinin gedişindəki əhəmiyyətindən və bu tarixi hadisənin milli yaddaşımızdakı yerindən bəhs edib.

Həmçinin Nərmin Əhmədova “Şəhidlik və qəhrəmanlıq: Vətənə sədaqətin ali nümunəsi” mövzusunda çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından, onların xalqımızın yaddaşında əbədi yaşayacaq fədakarlığından bəhs edib. Qabil Bayramov “Böyük Qayıdış: Azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəlişi” mövzusunda məruzəsində işğaldan azad edilmiş ərazilərin aqrar potensialı, kənd təsərrüfatının bərpası və inkişaf perspektivlərinə toxunub. Samirə Avazova isə “Vətən sevgisi, milli qürur və Zəfər ruhu” mövzusunda çıxışında vətənpərvərlik duyğularının, milli-mənəvi dəyərlərin qorunmasının və Zəfər ruhunun gələcək nəsillərə aşılanmasının əhəmiyyətini vurğulayıb.

Tədbir Zəfər tariximizin yaşadılması, milli həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyətinin vurğulanması ilə yekunlaşıb.



Paylaş: