
YAP Gəncə şəhər təşkilatının 13 saylı (Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu) ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr və qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov giriş sözü ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı aparıcı rolunu vurğulayıb.
İbrahim Cəfərov çıxışında dövlətçilik ənənələrinin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi və ideoloji maarifləndirmənin müasir dövrün tələblərinə uyğun təşkili məsələlərinə toxunub. O, Azərbaycanın müxtəlif sahələrdə qazandığı nailiyyətləri qeyd edərək strateji hədəflərə çatmaq üçün təşəbbüskarlığın və məsuliyyətli fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətindən danışıb. O, partiya təşkilatlarının ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsinin, gənclərin təşəbbüslərinin dəstəklənməsinin və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini qeyd edib. Bayram Aslanov, həmçinin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra qarşıda yeni inkişaf imkanlarının yarandığını bildirərək ölkənin gələcək tərəqqisi naminə müəyyənləşdirilən hədəflərin ardıcıl həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İnstitutun əməkdaşı Nigar Qədimova çıxışında ölkənin yeni siyasi və geosiyasi reallıqları şəraitində milli maraqların qorunmasının və ideoloji təhlükəsizliyin təmin edilməsinin aktuallığına diqqət çəkib. O, xüsusilə sosial şəbəkələrdə yayılan təhrif olunmuş məlumatlara qarşı ayıq-sayıq olmağın, informasiya savadlılığının artırılmasının və cəmiyyətdə düzgün maarifləndirmə işinin aparılmasının vacibliyini bildirib. Nigar Qədimova, həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin davam etdirilməsi, müdafiə qüdrətinin artırılması, təhsilin və elmi biliklərin inkişafı kimi istiqamətlərin ölkənin gələcək tərəqqisində mühüm yer tutduğunu qeyd edib.
Lamiyə Məmmədova çıxışında qurultayda müəyyənləşdirilən strateji hədəfləri aqrar sahənin inkişafı kontekstində dəyərləndirib. O, kənd təsərrüfatında elmi tədqiqatların genişləndirilməsinin, müasir yanaşmaların tətbiqinin və elmi nəticələrin istehsalata inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Həmçinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd təsərrüfatının səmərəliliyinin artırılması və mütəxəssislərin peşəkarlığının yüksəldilməsinin bu sahənin qarşısında duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda ölkənin sosial-iqtisadi inkişafı, milli təhlükəsizliyin möhkəmləndirilməsi, ideoloji maarifləndirmənin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi, eləcə də aqrar sahədə elmi nailiyyətlərin tətbiqi ilə bağlı məsələlər vurğulanıb. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsində dövlət və cəmiyyət qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin əhəmiyyəti qeyd olunub.




