BMTBETİ MÜTƏXƏSSİSLƏRİ TƏRTƏR RAYONUNDA FİTOSANİTAR MONİTORİNQLƏR HƏYATA KEÇİRİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Fermerlərə elmi-praktiki dəstəyin göstərilməsi, bitki mühafizəsi tədbirlərinin səmərəli təşkili və kənd təsərrüfatı bitkilərində məhsuldarlığın artırılması məqsədilə Bitki Mühafizə və Texniki Bitkiləri Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) mütəxəssisləri tərəfindən növbəti fitosanitar monitorinqlər həyata keçirilib.

Monitorinqlər çərçivəsində institut əməkdaşları Tərtər rayonunda fəaliyyət göstərən özəl şirkətlərə məxsus əkin sahələrində və yerli fermer təsərrüfatlarında bitkilərin fitosanitar vəziyyətini yerində qiymətləndirərək geniş sahə müayinələri aparıblar.

Aparılan müşahidələr zamanı müxtəlif kənd təsərrüfatı bitkilərində bir sıra xəstəlik və zərərvericilər aşkarlanıb. Belə ki, ərik, şaftalı, gilas, xurma və zeytun bağlarında mənənə və cırcırəmələrin, günəbaxan əkinlərində ağ xallı qızılgül böcəyi və odlucanın, qarğıdalı sahələrində mənənə və pambıq sovkasının yayıldığı müəyyən edilib. Eyni zamanda xurma plantasiyalarında məhsulun keyfiyyətinə və bitkinin inkişafına mənfi təsir göstərən Alternarioz (yarpaq ləkəliliyi) xəstəliyinin əlamətləri müşahidə olunub.

Aşkarlanan xəstəlik və zərərvericilərin kütləvi yayılmasının qarşısının alınması, onların məhsuldarlığa və təsərrüfatların iqtisadi göstəricilərinə mənfi təsirinin minimuma endirilməsi məqsədilə BMTBETİ-nin alim və mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə operativ elmi-praktiki tövsiyələr verilib. Sahə baxışları zamanı düzgün aqrotexniki qulluq tədbirləri, inteqrir mübarizə prinsipləri, eləcə də effektiv kimyəvi və bioloji mübarizə üsulları barədə fermerlər ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkiləri Elmi-Tədqiqat İnstitutu tərəfindən regionlarda kənd təsərrüfatı bitkilərinin fitosanitar vəziyyətinin davamlı monitorinqi, xəstəlik və zərərvericilərin erkən aşkarlanması, eləcə də fermerlərə elmi-praktiki dəstəyin göstərilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bu cür monitorinqlər kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə, məhsul itkilərinin azaldılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Paylaş: