
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 2025-ci ilin 9 və 10 iyul tarixlərində müxtəlif bölgələrdə zərərverici və xəstəliklərə qarşı fitosanitar monitorinqlər aparılıb.
Monitorinqlərdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin direktorları və mütəxəssisləri də iştirak ediblər. Əməkdaşlıq şəklində keçirilən bu tədbirlərin məqsədi sahələrdə mövcud fitosanitar vəziyyətin dəqiq qiymətləndirilməsi və kompleks mübarizə tədbirlərinin müəyyənləşdirilməsi olub.
9 iyul 2025-ci il tarixində institutun əməkdaşları Göyçay rayonunun Qızılağac, Mollahacılı və Kürdəmiş kəndlərində yerləşən xurma bağlarında monitorinq həyata keçiriblər. Müayinələr zamanı şərq xurmasında həlqəvi yarpaq ləkəlik xəstəliyi və qara ləkəlik kimi fitopatoloji halların qeydə alındığı müəyyən edilib. Xəstəliklərin yayılma arealı və intensivliyi öyrənilib, təsərrüfat sahiblərinə müvafiq mübarizə tədbirləri ilə bağlı tövsiyələr verilib.
10 iyul 2025-ci il tarixində isə monitorinqlər Goranboy və Tərtər rayonları ərazisində aparılıb. Burada müxtəlif meyvə bağları və texniki bitki sahələrinə baxış keçirilib. Nəticələrə əsasən armud ağaclarında meyvənin çürüməsinə səbəb olan monilioz xəstəliyi, şaftalı ağaclarında zərərverici orqanizmlərdən unlu yastıca, gilas ağaclarında isə daha çox gənə və selikli mişarçı zərərvericiləri müşahidə edilib.
Eyni zamanda, pambıq sahələrində aparılan müşahidələr zamanı tripslər və pambıq sovkasının yumurta mərhələsinə rast gəlinib. Hər iki zərərvericinin inkişaf fazaları və yayılma riski nəzərə alınaraq, təsərrüfat sahiblərinə qabaqlayıcı və mübarizə xarakterli tədbirlərin görülməsi tövsiyə olunub.
Monitorinqin əsas məqsədi zərərvericilərin və bitki xəstəliklərinin erkən mərhələdə müəyyən olunması, onların yayılmasının qarşısının alınması və məhsuldarlığa mənfi təsirin minimuma endirilməsidir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu fitosanitar vəziyyətin izlənməsi üzrə monitorinq və təhlil işlərini davam etdirir və fermerlərə elmi əsaslı tövsiyələr verməyə davam edəcək.




