QAZAX-TOVUZ İQTİSADİ RAYONUNDA FİTOSANİTAR VƏZİYYƏTLƏ BAĞLI GENİŞ MONİTORİNQLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Son dövrlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti zərərli orqanizmlərin yayılma sürətini artıraraq onların zərərvurma dərəcəsinin yüksəlməsinə səbəb olmuşdur. Bu isə nəticə etibarilə kənd təsərrüfatı sahələrində fitosanitar vəziyyətin ötən ilin eyni dövrü ilə müqayisədə daha da gərginləşməsi ilə müşahidə olunmuşdur. Bir sıra bitki xəstəlikləri və zərərvericilərin intensiv inkişafı sahələrdə məhsuldarlığa mənfi təsir göstərməkdədir.

Yaranmış vəziyyəti dəqiq qiymətləndirmək, fitosanitar riskləri vaxtında müəyyənləşdirmək və patogenlərin yayılma səviyyəsini izləmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən Qazax-Tovuz iqtisadi rayonunda müxtəlif əkin sahələrində geniş monitorinqlər həyata keçirilmişdir.

Aparılmış müayinələr zamanı müxtəlif bitkilərə təsir göstərən zərərverici və xəstəliklərlə bağlı ətraflı məlumatlar toplanmış, eyni zamanda bitkilərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilmişdir. Nəticələrə əsasən, fındıq bağlarında unlu şeh xəstəliyi ilə yanaşı, fındıq tumurcuq gənəsi və fındıq mənənəsi kimi zərərvericilərin geniş yayıldığı müəyyən olunmuşdur. Qoz ağaclarında qoz böyük mənənəsi, fır gənəsi və qoz meyvəyeyəni əsas zərərvericilər kimi qeydə alınmışdır. Alma bağlarında isə alma meyvəyeyəni və selikli mişarçı, qarğıdalı sahələrində trips və mənənə zərərvericiləri müşahidə olunmuşdur. Bundan əlavə, gilas, alma və şərq xurması bağlarında alternarioz xəstəliyi əsas fitosanitar problem kimi qeyd edilmişdir.

Monitorinq zamanı institutun mütəxəssisləri fermerlərlə yerində görüşlər keçirmiş, zərərli orqanizmlərlə mübarizəyə dair maarifləndirici tövsiyələr vermiş və inteqrir mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının əhəmiyyətini vurğulamışlar.

Qeyd edək ki, mövcud fitosanitar vəziyyətin dinamik izlənilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və fermerlərin vaxtında və səmərəli mübarizə tədbirləri görməsinin təmin edilməsi məqsədilə bu cür monitorinqlərin ardıcıl və planlı şəkildə davam etdirilməsi nəzərdə tutulur.

 

Paylaş: