
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Samirə Avazova Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Cənubi Koreya Respublikasında təşkil olunan beynəlxalq təlim proqramına qatılıb.
“Azərbaycanda ağıllı ferma kənd təsərrüfatı mütəxəssisləri üçün bacarıqların artırılması” proqramı aqrar sahədə müasir texnologiyaların tətbiqinin təşviqi, mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və ağıllı kənd təsərrüfatı istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyır.
Proqram iştirakçılarına Koreyanın kənd təsərrüfatı sahəsində tətbiq etdiyi müasir texnoloji yeniliklər, rəqəmsal idarəetmə sistemləri və innovativ istehsal modelləri ilə yaxından tanış olmaq imkanı yaradılıb. Təlim çərçivəsində müxtəlif elmi-tədqiqat və aqrar innovasiya müəssisələrinə səfərlər təşkil olunub, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı bilik mübadiləsi həyata keçirilib.
Beynəlxalq proqramda iştirak əməkdaşların peşəkar biliklərinin zənginləşdirilməsi, əldə olunan təcrübənin yerli aqrar elmin və istehsalın inkişafında tətbiqi baxımından əhəmiyyətlidir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


