
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Torpağın və Suvarma Suyunun Aqrokimyəvi Analizi Laboratoriyasının mütəxəssisləri tərəfindən Goranboy rayonunun Xoylu kəndində yerləşən fermer təsərrüfatlarında torpaq nümunələrinin götürülməsi işləri həyata keçirilmişdir.
Nümunələr arpa, yonca, qarğıdalı sahələri və armud bağından toplanmışdır. Götürülmə prosesi beynəlxalq aqrokimyəvi analiz standartlarına uyğun şəkildə aparılmış və nümunələr laboratoriya şəraitində təhlil olunmaq üçün hazırlanmışdır.
Aparılmış analizlərin nəticələri hazırlandıqdan sonra fermerlərə təqdim olunacaq və sahənin aqroekoloji xüsusiyyətləri, eləcə də planlaşdırılan bitkilərin tələbləri nəzərə alınmaqla, tövsiyə olunacaq gübrələr və digər aqrokimyəvi vasitələr barədə elmi əsaslandırılmış təkliflər veriləcəkdir.
Qeyd etmək lazımdır ki, torpaq analizi əkin sahələrinin məhsuldarlığını artırmaq və bitkilərin qida maddələrinə olan tələbatını dəqiq müəyyənləşdirərək uyğun gübrələmə və aqrotexniki tədbirləri planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu cür analizlər nəticəsində torpağın qida maddələri ilə təminat səviyyəsi, turşuluq (pH), duzluluq vəziyyəti və digər mühüm aqrokimyəvi göstəricilər müəyyən olunur.
Torpaq nümunələrinin düzgün şəkildə götürülməsi və analizlərin dəqiqliyi, sahədən maksimal səmərəlilik əldə olunmasının əsas şərtlərindən biridir.

