
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) mütəxəssisləri tərəfindən pambıq əkinlərində növbəti mövsümi fitosanitar monitorinqlər icra olunub. İyul ayının gəlişi, havaların istiləşməsi və pambıq bitkisinin aktiv vegetasiya dövrü ilə əlaqədar olaraq, sahələrdə həm zərərvericilərin, həm də xəstəlik törədicilərinin yayılma dinamikasını müəyyən etmək məqsədilə institutun təcrübə sahələrinə geniş baxış keçirilib.
Keçirilən baxış zamanı sahələrin ümumi fitosanitar vəziyyəti kompleks şəkildə dəyərləndirilib. Bitkilərin inkişaf fazasına uyğun olaraq, pambıq sovkası, mənənələr və tor gənəsi kimi zərərvericilərlə yanaşı, bu dövrdə pambıq kollarına ciddi ziyan vura biləcək fuzarioz (vilt), vertisilioz soluxma və hommoz kimi təhlükəli xəstəliklərin mövcudluğu da yoxlanılıb.
Zərərvericilərin kütləvi uçuşunu vaxtında qeydə almaq və mühafizə tədbirlərinin optimallaşdırılmasına nail olmaq məqsədilə sahələrə müasir feromon tələlər quraşdırılıb.
İnstitutun mütəxəssisləri tərəfindən sahələrdə mövsümi becərmə işlərinin gedişatı, xəstəliklərin yayılma riskini azaldan düzgün suvarma rejiminin tətbiqi və alaq otlarına qarşı mübarizə vəziyyəti də nəzarətdə saxlanılıb. Hazırda təcrübə sahələrində fitosanitar vəziyyət tam nəzarət altındadır və müşahidələr mütəmadi olaraq davam etdirilir.



