
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) mütəxəssisləri tərəfindən institutun elmi-təcrübə sahələrində pambıq əkinlərinə növbəti baxış keçirilmişdir. Cari mövsümlə əlaqədar olaraq pambıq bitkisinin vegetasiya gedişatını, təcrübə sahələrindəki ümumi fitosanitar vəziyyəti, xəstəlik və zərərvericilərin yayılma dinamikasını vaxtında qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparılır.
Aparılan müşahidələr göstərir ki, iyun ayının əvvəllərində pambıq bitkisinin aktiv inkişaf fazasına daxil olması və havaların isinməsi ilə əlaqədar olaraq, sahələrdə sorucu zərərvericilərin, xüsusilə də mənənənin fəallaşması prosesi qeydə alınır. İnstitutun alimləri qeyd edirlər ki, bitkinin ilkin inkişaf dövründə, zərif və şirəli yarpaq fazasında bu tip sorucu həşəratların meydana çıxması tamamilə təbii və hər il təkrarlanan mövsümi bir haldır.
Bununla belə, aparılan elmi tədqiqatların uğurlu nəticələnməsi, məhsuldarlıq potensialının qorunması və bitkinin normal inkişaf ritminin pozulmaması üçün təcrübə sahələrində vaxtında müdaxilənin edilməsi nəzərdə tutulub. Sahələrdə iqtisadi ziyan vurma həddi nəzərə alınaraq, qeydiyyatdan keçmiş effektiv və sistemli təsirə malik insektisidlərlə kimyəvi mübarizə tədbirlərinin planlı şəkildə icrası təmin olunur.
Eyni zamanda, mənənənin ilkin yayılma ocaqları olan sahə kənarlarındakı alaq otlarının təmizlənməsi və dərmanlama işlərinin günün sərin (səhər və axşam) saatlarında, küləksiz havada yerinə yetirilməsi tətbiq olunan preparatların bioloji səmərəliliyini maksimum dərəcədə artırır.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu təcrübə sahələrində müasir bitki mühafizə metodlarını tətbiq etməklə yanaşı, pambıq istehsalçılarına elmi dəstək göstərilməsi, fitosanitar nəzarətin gücləndirilməsi və regional konsultasiya xidmətlərinin təşkili istiqamətində fəaliyyətini mütəmadi olaraq davam etdirir.



