FINDIQ BAĞLARINDA ZƏRƏRVERİCİ VƏ XƏSTƏLİKLƏRİN YAYILMASI İLƏ BAĞLI MARŞRUT MÜAYİNƏLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Şəki-Zaqatala İqtisadi Rayonunda Fındıq Bağlarında Zərərverici və Xəstəliklərin Yayılması ilə Bağlı Marşrut Müayinələr aparılıb

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Entomologiya, Fitopatologiya və Alaq Otları ilə Mübarizə Şöbəsinin mütəxəssisləri tərəfindən 2025-ci il üzrə mövzu planına uyğun olaraq, Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən fındıq plantasiyalarında növbəti genişmiqyaslı marşrut müayinələri həyata keçirilib.Müayinələrin əsas məqsədi bölgədə fındıq təsərrüfatlarında yayılmış zərərverici orqanizmlərin və xəstəliklərin müəyyənləşdirilməsi, onların inkişaf mərhələlərinin izlənilməsi və vəziyyətə uyğun mübarizə tədbirlərinin planlaşdırılması olmuşdur.

Müayinələr Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən stasionar təcrübə sahəsində, eləcə də Şəki və Qax rayonlarının müxtəlif təsərrüfat sahələrində həyata keçirilmişdir.

Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən stasionar təcrübə sahəsində aparılan müşahidələr zamanı fındıq ağaclarında bir sıra zərərverici orqanizmlər və xəstəliklər qeydə alınmışdır. Belə ki, xəstəliklər sırasında göbələk mənşəli unlu şeh, fillostiktoz, antraknoz, eləcə də bakterial mənşəli bakterioz xəstəlikləri aşkar edilmişdir.

Eyni zamanda entomoloji müşahidələr nəticəsində fındıq mənənəsi, fındıq uzunburunu, yarpaq yeyən böcəklər, yetkin fərd və sürfələri, tumurcuq gənəsi kimi zərərvericilərin yayılması müəyyən olunmuşdur.

Müşahidələrin nəticələrinə əsasən, mütəxəssislər tərəfindən yerli fermerlərə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, fındıq bağlarında vaxtında və kompleks mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Paylaş: