FINDIQDA UNLU ŞEH XƏSTƏLİYİ » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Xəstəliyin törədiciləri

Fındıq bitkisində unlu şeh və ya külləmə xəstəliyini iki kisəli göbələklər törədir. Xəstəlik əsasən yarpaqları yoluxdurur və ilk əlamətlər yarpaq səthində nazik, ağ rəngli, unvari örtük şəklində özünü göstərir.

Phyllactinia guttata ilə yoluxma zamanı göbələyin mitselisi əsasən yarpaqların alt hissəsində, nadir hallarda isə üst səthində müşahidə olunur. İlkin yoluxma ocaqları adətən 2–6 mm ölçüdə olur və zaman keçdikcə genişlənir.

Erysiphe sp. ilə yoluxma zamanı isə yarpaqların həm üst, həm də alt səthində ağ örtük əmələ gəlir. Bu örtük göbələyin mitselisi, konididaşıyanları və konidilərindən ibarət olur. Əlverişli şərait yarandıqda xəstəlik sürətlə inkişaf edərək bitkinin böyük hissəsini əhatə edə bilir.

Xəstəliyin inkişafı üçün havanın nisbi rütubətinin 65–70%, gündəlik orta temperaturun isə 10–20°C olması əlverişli hesab edilir.

Xəstəliyin inkişafı

Adətən may ayının ortalarından başlayaraq yarpaqların üzərində yaranan ağ örtük getdikcə genişlənir və yarpaq ayasını tamamilə örtə bilir. Əlverişli hava şəraitində xəstəlik sürətlə yayılır və yeni yoluxma ocaqları əmələ gətirir.

Vegetasiyanın ikinci yarısından etibarən yarpaqlar üzərindəki ağ örtük tədricən qaralmağa başlayır. Bu, göbələklərin cinsi çoxalması nəticəsində qapalı meyvə bədənləri olan kleystotesilərin əmələ gəlməsi ilə əlaqədardır. Kleystotesilər yarpaq səthində qara nöqtələr şəklində müşahidə olunur.

Phyllactinia guttata göbələyinin kleystotesiləri girdə və ya yuvarlaq formada olub 3–15 çıxıntıya malikdir. Erysiphe sp. göbələyində isə bu çıxıntıların ucları xarakterik olaraq dixotamik budaqlanır.

Xəstəliyin güclü inkişaf etdiyi hallarda yarpaqlarda qıvrılma, quruma, vaxtından əvvəl saralma və tökülmə müşahidə edilir. Bu isə bitkinin fotosintez fəaliyyətini zəiflədir və məhsuldarlığın azalmasına səbəb olur.

Xəstəliyin yayılması və zərəri

Fındığın külləmə xəstəliyi iqtisadi baxımdan əhəmiyyətli və zərərli xəstəliklərdən hesab olunur. Türkiyə mənbələrinin məlumatına görə, bəzi illərdə plantasiyalarda yoluxma səviyyəsi 70–100%-ə çata bilir.

Məhsuldarlığın azalması ilə yanaşı, xəstəlik bitkilərin ümumi inkişafını zəiflədir, növbəti ilin məhsul potensialına mənfi təsir göstərir və bağların fitosanitar vəziyyətini pisləşdirir.

Məlumatlara əsasən, Phyllactinia guttata yalnız fındıqda deyil, həmçinin yunan qozu, pekan qozu, şabalıd, kivi, qızılağac və söyüd kimi bitkilərdə də rast gəlinir. Erysiphe sp. isə əsasən fındıq bitkisində qeydə alınmışdır.

Mübarizə tədbirləri

Unlu şeh xəstəliyinə qarşı mübarizədə aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Bağlarda mütəmadi olaraq sanitar budama aparılmalı, cərgəaraları becərilməli, torpaqda optimal rütubət rejimi qorunmalı və bitkilərin normal inkişafı üçün əlverişli şərait yaradılmalıdır.

Davamlı sortlardan istifadə, balanslaşdırılmış gübrələmə və mikroelementlərlə yemləmə bitkilərin xəstəliyə davamlılığını artırır. Bu məqsədlə hər ağaca təxminən 500 qram NPK gübrəsinin verilməsi tövsiyə olunur.

Yarpaqlarda xəstəliyin ilkin simptomları müşahidə edilən kimi fungisidlərlə çiləmələrə başlanılmalıdır. Profilaktik tədbir kimi 10 litr suya 100 qram Bordo məhlulu hesabı ilə çiləmə aparılması məsləhət görülür.

Kimyəvi mübarizə

Unlu şeh xəstəliyinə qarşı aşağıdakı preparatlardan istifadə edilə bilər:

  • Tiovit Jet – 4–8 kq/ha
  • Topaz – 0,5 l/ha
  • Tebukonazol – 0,5–1,0 l/ha

İşçi məhlulun məsarif norması 800–1000 l/ha təşkil edir.

Nəticə

Unlu şeh xəstəliyinin vaxtında aşkar olunması və inteqrir mübarizə tədbirlərinin tətbiqi fındıq bağlarında məhsuldarlığın qorunmasının əsas şərtlərindən biridir. Aqrotexniki, profilaktik və kimyəvi tədbirlərin kompleks şəkildə həyata keçirilməsi xəstəliyin yayılmasını məhdudlaşdıraraq sağlam və yüksək məhsul əldə etməyə imkan verir.

 

Paylaş: