
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssis heyəti tərəfindən Göygöl rayonunun Qızılca kəndi ərazisində yerləşən meyvə bağlarında zərərli orqanizmlərin yayılma dinamikasını müəyyən etmək və məhsuldarlığın qorunmasını təmin etmək məqsədilə fitosanitar müayinə və monitorinqlər aparılmışdır.
Monitorinq tədbirləri çərçivəsində təsərrüfatlarda geniş becərilən alma, armud, xurma, zoğal, fındıq, nar, üzüm və digər çoxillik meyvə bitkilərinin fitosanitar vəziyyəti ətraflı qiymətləndirilmişdir.
Aparılan müayinələr zamanı alma bitkisində alma meyvəyeyəni, armud bitkisində armud meyvəyeyəni, armud bağacığı və monilioz xəstəliyi, xurmada qara ləkəlilik xəstəliyi, fındıqda qəhvəyi mərmər bağacığı, fındıq tumurcuq gənəsi, ağ cırcıramacıq və unlu şeh xəstəliyi, narda nar meyvəyeyəni və dəmgil xəstəliyi, üzüm kollarında isə üzüm fır gənəsi kimi zərərverici və fitopatogenlər aşkar olunmuşdur.
Monitorinq zamanı İnstitutun mütəxəssisləri tərəfindən fermerlərə aşkarlanan xəstəlik və zərərvericilərin zərər vurma həddi və yayılma riskləri haqqında ətraflı məlumat verilmişdir. Təsərrüfat sahiblərinə aqrotexniki, bioloji və kimyəvi mühafizə tədbirlərinin vaxtında və düzgün dozalarda aparılması üzrə zəruri elmi-praktiki tövsiyələr təqdim olunmuşdur. İnstitut tərəfindən respublikanın müxtəlif regionlarında kənd təsərrüfatı bitkilərinin fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqlər davam etdirilir.





