“GÜNƏBAXAN BİTKİSİNİN ƏSAS ZƏRƏRVERİCİLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən “Günəbaxan bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təlim təşkil olunub. Təlimi institutun mütəxəssisi Xəyalə Abbasova aparıb.

Tədbir həm əyani, həm də onlayn formatda keçirilib. Respublikanın müxtəlif bölgələrindən fermerlər, aqrar sahə üzrə mütəxəssislər və digər maraqlı şəxslər onlayn platforma vasitəsilə təlimə qoşulublar. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri isə təlimdə əyani iştirak edərək bitki mühafizəsi sahəsində nəzəri biliklərini praktik məlumatlarla möhkəmləndiriblər.

Təlim zamanı günəbaxan bitkisində geniş yayılmış əsas zərərvericilər, onların bioloji xüsusiyyətləri, həyat dövrləri, inkişaf mərhələləri və yayılma xüsusiyyətləri barədə ətraflı təqdimat olunub. Zərərvericilərin bitkiyə vurduğu iqtisadi zərərin xarakteri izah edilib, risk faktorları və məhsuldarlığa təsir edən amillər diqqətə çatdırılıb.

Eyni zamanda, zərərvericilərə qarşı mübarizədə profilaktik tədbirlərin əhəmiyyəti, aqrotexniki üsulların düzgün tətbiqi, bioloji mübarizə vasitələri və kimyəvi preparatlardan səmərəli və təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. İnterqrir mübarizə prinsipləri əsasında ekoloji cəhətdən təhlükəsiz yanaşmalar xüsusi vurğulanıb və sahə şəraitində tətbiq oluna biləcək praktiki tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

Təlim interaktiv müzakirələr və sual-cavab formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kimi elmi-praktik təlimlərin təşkili fermerlərin və sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına, bitki mühafizəsi sahəsində müasir yanaşmaların tətbiqinə, eləcə də kənd təsərrüfatı bitkilərində məhsuldarlığın yüksəldilməsinə və dayanıqlı istehsalın təmin olunmasına mühüm töhfə verir.

 

Paylaş: