II MİRZƏ GÖYGÖL BEYNƏLXALQ BİTKİ GENETİK EHTİYATLARI SİMPOZİUMU KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universiteti, Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin tərəfdaşlığı ilə “II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” keçirilmişdir.

Dörd gün davam edən simpozium AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu ilə Türkiyənin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu arasında mövcud olan uzunmüddətli əməkdaşlığın növbəti mərhələsi kimi təşkil olunmuşdur.

Simpozium, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilən və sonrakı dövrlərdə kənd təsərrüfatı elminə mühüm töhfələr vermiş görkəmli alim Mirzə Göygölün (Mirzə Məşədi Yusif oğlu Hacızadə, 1897–1981) adını daşıyır. O, Gəncə kişi gimnaziyasını bitirdikdən sonra təhsilini Xarkov və Berlin universitetlərində davam etdirmiş, daha sonra Almaniya və Türkiyədə seleksiyaçı alim kimi çalışmış, 34 kitab və 300-dən artıq elmi məqalənin müəllifi olmuşdur.

Simpoziumun açılış mərasimi AMEA-nın Gəncə Bölməsinin böyük akt zalında baş tutmuş, tədbir canlı və onlayn formatda təşkil edilmişdir. Açılış nitqində çıxış edən AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov simpoziumun əhatəli məqsədlərini açıqlamışdır. O, qlobal ərzaq təhlükəsizliyi, bioloji müxtəlifliyin qorunması və kənd təsərrüfatının davamlı inkişafı sahəsində elmi bilik və təcrübələrin paylaşılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Mirzə Göygöl kimi alimlərin elmi irsinin tanıdılmasının tədbirin əsas istiqamətləri olduğunu vurğulamışdır.

Simpoziumda Azərbaycan və Türkiyə ilə yanaşı, Böyük Britaniya, Yaponiya, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, Mərakeş, Livan və digər ölkələrdən – ümumilikdə 20-dən çox dövləti və bir sıra beynəlxalq kənd təsərrüfatı tədqiqat mərkəzlərini təmsil edən 80-ə yaxın nümayəndə iştirak etmişdir.

Baş direktor Zeynal Əkpərov çıxışında bitki genetik ehtiyatlarının qorunması, xüsusilə yerli və unudulmaqda olan növlərin bərpası, genbanklarda saxlanması, müasir molekulyar-genetik və bioinformatik üsullarla tədqiqi və məlumat bazalarının yaradılması kimi məsələlərin strateji əhəmiyyət daşıdığını qeyd etmişdir. O, Gəncədə keçirilən bu simpoziumun yalnız elmi platforma deyil, eyni zamanda elmi diplomatiya nümunəsi olduğunu və tədbirin 2024-cü ildə Bakıda keçirilmiş COP29 Konfransının qəbul etdiyi “yaşıl inkişaf” və genetik ehtiyatların qorunması prinsiplərinə dəstək mahiyyəti daşıdığını bildirmişdir.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən TAGEM-in direktoru Fatif Özdəmir, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Seymur Səfərli də çıxış edərək, simpoziumun əhəmiyyətini və iki qardaş ölkənin elmi əməkdaşlığının inkişafında oynadığı rolu yüksək qiymətləndirmişlər.

Daha sonra plenar iclasda bir sıra nüfuzlu alim və mütəxəssislərin məruzələri dinlənilmişdir.

Plenar iclasın ardından simpozium bölmə iclasları ilə davam etmişdir. İştirakçılar arasında aparılan diskussiyalar, sual-cavab sessiyaları və elmi təhlillər nəticəsində yerli və beynəlxalq əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdir.

Simpozium 22 avqust 2025-ci il tarixində yekunlaşmışdır. Tədbirin sonunda iştirakçılar üçün mədəni proqram təşkil olunmuş, onlar Gəncə şəhərinin və ətraf bölgələrin tarixi və təbii abidələrini, o cümlədən dahi şair Nizami Gəncəvinin Məqbərə Kompleksi və muzeyini ziyarət etmişlər.

Paylaş: