
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasının Genetik analizlər və bitki xəstəlikləri şöbəsində təşkil olunan nəzəri-praktik təlimdə iştirak ediblər.
Təlim zamanı iştirakçılar şöbənin fəaliyyəti, laboratoriyada istifadə olunan avadanlıqlar və əsas iş prosesləri ilə yaxından tanış olublar. Onlara laboratoriya cihazlarının kalibrlənməsi, nümunələrin qəbulu və qeydiyyatı, analizlərə hazırlanması, göbələk və bakteriyalar üçün qidalı mühitlərin hazırlanması, avtoklavlanma, mikrobioloji əkimlərin aparılması, sterilizasiya və utilizasiya prosedurları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, əməkdaşlara İFA (ELISA) – immunoferment analizinin aparılma qaydası, əldə olunan nəticələrin hesablanması və qiymətləndirilməsi prinsipləri izah edilib.
Nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsinə xidmət edən təlim əməkdaşların laboratoriya işləri üzrə bilik və bacarıqlarının artırılması, müasir analiz metodları ilə tanışlıq və bitki xəstəliklərinin laborator diaqnostikası sahəsində təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub.


