İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ FİTOSANİTAR MONİTORİNQLƏR UĞURLA DAVAM ETDİRİLİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

İnstitutunun mütəxəssisləri tərəfindən cari ilin 16-19 iyun tarixlərində Qarabağın işğaldan azad edilmiş ərazilərində növbəti genişmiqyaslı fitosanitar monitorinqlər həyata keçirilib. Aqrar sahənin bərpası və məhsuldarlığın artırılması məqsədilə icra olunan monitorinqlər Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyət göstərən “DOST AQRO”, “Agro Dairy” MMC, “Şirin Aqro” MMC və “Kraun Ko” MMC kimi iri şirkətlərin taxıl əkinlərini və müxtəlif aqrosenozları əhatə edib.
Monitorinqlərin keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə becərilən kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərli orqanizmlərin inkişaf səviyyəsinin dəqiqləşdirilməsi, vegetasiya müddətində onlara qarşı aparılacaq mübarizənin optimallaşdırılması və səmərəliliyinin artırılması olub. Sahələrdə aparılan dəqiq müşahidə və metodik hesabat işləri əsasında hər bir zərərli növün inkişaf dinamikası və mövsümə uyğun vurduğu ziyan ətraflı qiymətləndirilib.
Aparılan monitorinqlər zamanı regionun müxtəlif təsərrüfatlarında bir sıra xəstəlik və zərərvericilərin aktivliyi qeydə alınıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdəki üzüm bağlarında aparılan müşahidələrdə əsasən mildiyu və oidium xəstəliklərinin, həmçinin Fır (Eriophyes vitis) gənəsinin nisbətən geniş arealda inkişaf etdiyi aşkarlanıb. Meyvə bağlarında isə meyvəyeyənlərin, meyvə gənələrinin fəaliyyəti və bir sıra xarakterik xəstəliklərin (yarpaq qıvrılması, monilioz, serkosporioz) əlamətləri müşahidə edilib.
Taxılçılıq sahələrində aparılan araşdırmalar zamanı buğda əkinlərində taxıl bağacığı və sümürtkən böcəklərin məhsul itkisi yaratdığı dəqiqləşdirilib. Eyni zamanda, arpa və buğda sahələrində toz sürmə, bərk sürmə və sarı pas xəstəliklərinin inkişafı da qeydə alınıb.
Sonda İnstitut əməkdaşları tərəfindən müxtəlif aqrosenozlarda zərərli orqanizmlərin yayılmasının və potensial məhsul itkisinin qarşısının vaxtında alınması məqsədilə təsərrüfat rəhbərlərinə və aqronomlara müvafiq elmi-praktiki tövsiyələr verilib. Regionun fitosanitar təhlükəsizliyinin təmin olunması istiqamətində analoji monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş: