İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ NÖVBƏTİ FİTOSANİTAR MONİTORİNQLƏR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Monitorinqlər Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyət göstərən “DOST AQRO”, “Agro Dairy” MMC və “Kraun Ko” MMC şirkətlərinin pambıq, üzüm, meyvə və zeytun plantasiyalarında aparılıb. Tədqiqatların əsas məqsədi kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərli orqanizmlərin inkişaf səviyyəsini müəyyənləşdirmək, vegetasiya dövründə onlara qarşı aparılacaq mübarizə tədbirlərinin optimallaşdırılmasını təmin etmək və səmərəliliyini artırmaq olub.

Monitorinqlər zamanı aparılan müşahidə və qiymətləndirmələr nəticəsində aqrosenozlar üzrə zərərli orqanizmlərin inkişaf dinamikası, yayılma səviyyəsi və bitkilərə vurduğu zərər metodiki tələblərə uyğun olaraq müəyyənləşdirilib.

Ağdam rayonunda pambıq əkinlərində pambıq sovkası (Helicoverpa armigera), tor gənəsi (Tetranychus urticae) və empoaska (Empoasca spp.) zərərvericilərinin inkişaf etdiyi müşahidə olunub.

Xocavənd rayonunda tut ipəkqurdunun yem bazasını təşkil edən, 150 hektar sahədə becərilən çəkil və tut bağlarında aparılan müşahidələr zamanı tut güvəsinin və unlu şeh xəstəliyinin zəif inkişaf əlamətləri qeydə alınıb.

İşğaldan azad edilmiş ərazilərdə becərilən üzüm bağlarında aparılan müşahidələr zamanı isə fır gənəsinin nisbətən geniş yayılması müəyyən edilib.

Bununla yanaşı, üzüm və meyvə bağlarında mildiu, oidium, yarpaq qıvrılması, monilioz və serkosporioz xəstəliklərinin əlamətləri müşahidə olunub.

Monitorinqlərin nəticələrinə əsasən, məhsul itkisinin qarşısının alınması və fitosanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə institut əməkdaşları tərəfindən təsərrüfat nümayəndələrinə müvafiq elmi-praktiki tövsiyələr verilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən işğaldan azad edilmiş ərazilərdə fitosanitar monitorinqlərin davamlı şəkildə aparılması regionda kənd təsərrüfatının dayanıqlı inkişafına, yüksək məhsuldarlığın təmin edilməsinə və bitki sağlamlığının qorunmasına xidmət edir.

Paylaş: