
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov tərəfindən İnstitutda istehsalat təcrübəsi keçən tələbələr üçün maarifləndirici təlim təşkil olunub.
Təlimdə Gəncə Dövlət Universitetinin “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” və “Torpaqşünaslıq və aqrokimya” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Eyni zamanda, Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə kafedrasının professor-müəllim heyəti də təlimdə iştirak edib.
“Bitki xəstəliklərinin müqayisəli təhlili” mövzusunda keçirilən təlimdə kənd təsərrüfatı bitkilərində rast gəlinən əsas xəstəliklərin patogenezi, simptomatik xüsusiyyətləri və diaqnostik meyarları geniş şəkildə izah olunub. Təlim zamanı bitki mühafizəsinin elmi əsasları, bitkilərin ümumi patologiyası, xəstəlik törədicilərinin bioloji xüsusiyyətləri, infeksiya mənbələri və yayılma yolları barədə ətraflı məlumat verilib.
Həmçinin xəstəliklərin düzgün müəyyənləşdirilməsi, laborator və sahə müşahidələrinin aparılması, eləcə də inteqrir mübarizə tədbirlərinin tətbiqi istiqamətində biliklər tələbələrlə bölüşülüb. Müqayisəli təhlil formatında təqdimat tələbələrə müxtəlif xəstəliklərin oxşar və fərqli cəhətlərini sistemli şəkildə anlamağa imkan yaradıb.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və onların gələcək elmi-praktiki fəaliyyətində bu biliklərin əhəmiyyəti vurğulanıb.


